Bakı-Tbilisi-Qars dəmiryolu region iqtisadiyyatına əlavə dividentlər gətirəcək

Bakı-Tbilisi-Qars dəmiryolu region iqtisadiyyatına əlavə dividentlər gətirəcək

"Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov söyləyib.

Onun sözlərinə görə, 2014-cü ildə Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikintisi ilə bağlı layihənin reallaşdırılması yekunlaşacaq.

"Yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanıən dəmiryolu sistemlərini birləşdirməyəcək. O həmçinin Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına da imkan verəcək. Belə ki, bu layihə Asiyadan Avropaya yüklərin daşınmasını təmin etmək üçün çox əhəmiyyətlidir" – deyə o bildirib.

Millət vəkili qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərinin diqqət mərkəzindədir.

"Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun bağlantısının tikinti işləri davam edir. Azərbaycan bu yeni dəmir yolu layihəsinə həyata keçirməklə gələcəyə hesablanan daha bir addım atacaq. Qeyd edim ki, İraq və Əfqanıstan da bu layihədən yararlanaraq öz yüklərini daşımaq imkanı qazanacaq. Bütün hallarda bu dəmiryolunun başa çatması və işə düşməsi Azərbaycan üçün dividentlər gətirəcək. Azərbaycan üçün bu dəmiryolunun çəkilişi təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən vacibdir. Çünki ölkəmiz bu dəmiryolunun tikintisində donor dövlət rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə bazarlarına yüklərin çıxarılması və həmin yüklərin digər dövlətlərə daşınması istiqamətində böyük işlər görəcək. Beləliklə, bu layihə Azərbaycan, Türkiyə, Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcək" – deyə deputat əlavə edib.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə