“Azəriqaz” İB-də yığım səviyyəsi yüksədir

“Azəriqaz” İB-də yığım səviyyəsi yüksədir

Cari ilin 10 ayı ərzində ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali sektoruna 1 591 261 346 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,42 faiz vəsait toplanıb.

ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində 127 210 323 kubmetr təbii qaz satılıb və qarşılığında 109,7 % vəsait toplanıb.

Vəsaitin toplanmasındakı faiz göstəricisinin yüksək olması 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artmasına görə əhaliyə satılan qazın həcminin çoxaldılması və bu səbəbdən də istehlak edilən qazın dəyərinin abonentlər tərəfindən tam ödənilməməsi ilə əlaqədardır.

Həmin dövr ərzində yaranan debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.

Nəticədə 2013-cü ilin oktyabr ayı ərzində debitor borc 2,1 % azalıb. 01 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 10 ay ərzində 14,2 % azalıb.

Qeyd edək ki, 2013-cü il noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 108 339 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə