“Büdcə layihəsində “xalq evləri”nin tikilməsi müzakirə olunacaq”
"Büdcə ilə bağlı konkret təkliflər olsa, bəzi məsələlərin həllinin sürətləndirilməsi zəruri hesab ediləcək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, bu məsələlər sırasında əlillərə verilən müavinətlərin artırılması əsas problemlərdən biridir: "Əlillərə verilən müavinətin bu yaxınlarda artırılması müsbət hesab edilsə də, əlillərin real vəziyyətini nəzərə alaraq, həmin artımı qənaətbəxş hesab etmirik və büdcə layihəsində, ümumiyyətlə müavinətlərin yenidən artırılmasını təklif edirik".
Bölgələr üzrə kommunal sahədə müəyyən problemlərin hələ də davam etdiyini deyən millət vəkili qeyd edib ki, Azərbaycan nəinki özünü elektik enerjisi ilə təmin etməyə, hətta xaricə də elektik enerjisi satmağa qadir potensiallı bir ölkədir: "Amma bir balaca külək əsən kimi rayonlarda, bəzi ucqar kəndlərdə elektrik enerjisi kəsilir. Bu, kəndlilərin sosial həyat tərzinə ciddi mənfi təsir göstərir. Ona görə də, investisya proqramında bu problemin ciddiliyi nəzərə alınmalı və kəndlərin fasiləsiz elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məsələsi əsaslı surətdə həll edilməlidir. Eyni zamanda Azərbaycanda qazlaşdırma sahəsində də böyük işlər görülür. Lakin, Şəki kəndlərinin qazlaşdırılması işi çox ləng gedir və qrafikdən xeyli geri qalır. Buna görə də yeni büdcə layihəsində Şəki kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini təklif edirik. Bir sıra şəhər və rayon mərkəzlərinin su ilə təchizatının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Təklif edirik ki, Şəkinin və onun kəndlərinin su təchizatı probleminin həlli istiqamətində də real addımlar atılsın".
Əli Məsimli bildirib ki, Rusiyada baş verən məlum hadisələr Azərbaycanın bölgələrində yüksək maaşlı iş yerlərinin açılmasının vacibliyini göstərdi: "Əgər təklif etdiyimiz istiqamətdə real addımlar atılsa, kənddə yaşayan gənclər iş axtarmaq üçün Bakıya gəlməz, burada da iş tapmayanda xaricə getməyə məcbur olmaz, əksinə öz kəndində işləyib, regionların inkişafına öz töhəfəsini verər".
Daha sonra millət vəkili qeyd edib ki, yeni tərtib olunan büdcədən sosial ipotekaya ayrılacaq məbləğ artırılmalı və bu ipoteka region əhalisinə şamil edilməlidir: "Bundan başqa ipoteka şərtlərinin yumşaldılması da gündəmdə olan məsələlərdəndir. Amma onu da bilirik ki, əhalinin aztəminatlı təbəqəsinin mənzillə təminatını yaxşılaşdırmaq üçün təkcə ipoteka mexanizmi yetərli deyil. Ona görə də, layihədə "xalq evləri"nin tikilməsinə geniş vüsət verilməsi məsələsi də təklif kimi yer alacaq. Belə ki, imkansız və gənc ailələr üçün mənzillər tikilsin, həmin ailə ayda 50-70 manat ödəməklə həmin evlərdə məskunlaşsın və sonda mənzil həmin ailənin mülkiyyətinə keçirilsin. Bu üsulla əhalinin aztəminatlı təbəqəsinin mənzil probleminin həllini xeyli sürətləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB