Bakıda növbəti beynəlxalq konfrans öz işinə başladı

Bakıda növbəti beynəlxalq konfrans öz işinə başladı

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda 250 nəfərlik nümayəndə heyəti iştirak edir. Onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var. Konfransın məqsədi cəmiyyətin diqqətini neftlə çirklənmiş ərazilərin və ətraf mühitin qorunmasına cəlb etmək, həmçinin məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətini kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər hazırlamaqdır.

Konfransda çıxışında 160 illik neft hasilatı üzrə ilk illərdə olan təcrübəsizlik nəticəsində ekologiyaya böyük ziyan vurulduğunu deyən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, son illərdə mədən sahələrində 1300 hektar ərazi rekultivasiya edilərək təmizlənib: "Burada hər il 200 min ağac və kol əkilib. Atmosferə 560 mln. kubmetr qazın atılmasının qarşısı alınıb. Bu gün Qaradağ ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir texnologiyaya cavab verən avadanlıqlar qurulacaq və paytaxtın mərkəzində, həmçinin Sumqayıtda olan köhnə zavodlar və müəssisələr ləğv ediləcək. Dövlət Neft Şirkəti tərəfindən ən müasir texnologiyalardan istifadə edərək ölkənin dörd bir tərəfində neftin çıxarılmasında yaranan çətinliklərə görə çirklənmiş ətraf mühitin bərpası prosesi davam etdiriləcək".

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son 10 ildə Azərbaycanda 8 milli parkın yaradıldığını, 1-nin isə hazırda qurulma proseslərinin getdiyini bildirib: "Mühafizə olunan ərazilərin sahəsi 1 mln. hektara çatdırılıb, milyonlarla ağac əkilib. 2010-cu ildən başlayaraq son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı ümumilikdə ölkədə olan zeytun ağaclarının sayından qat-qat çoxdur. Nazirlik tərəfindən bioloji müxtəlifliyin qorunması, ekoloji infrastrukturun yaranması üçün tədbirlər həyata keçirilir".

BP Şirkətinin Vitse-prezidenti Stiv Flinn isə konfransda çıxışında ətraf mühitin qorunmasına qlobal yanaşma ilə bağlı məlumat verib. O bildirib ki, BP Şirkətinin əsas məqsəd enerjinin dünyaya daha təhlükəsiz çatdırılmasıdır: "Dünyada 2013-cü ilə qədər 50 faizdən çox iqlim layihəsi reallaşdırılıb. BP-nin fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik təmin edilir. Şirkət tərəfindən beynəlxalq səviyyədə keçirilən layihələrin ekologiyaya təsirinin aradan qaldırılması üçün işlər görülür. Ətraf mühitin qorunması üçün insanların üzərinə olduqca böyük məsuliyyət düşür".

Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü Lord Mandelson ARDNŞ ilə BP arasında inkişaf edən əlaqələr barədə məlumat verib. O bildirib ki, hər iki qurumun əməkdaşlığında ekoloji problemlərin həlli istiqamətində keçirilən tədbirlərin əhəmiyyəti olduqca böyükdür: "Bu gün dünyada olduğu kimi, Azərbaycanda da ekoloji problemlər mövcuddur və bu sahədə işlər görülür. Onu da qeyd edim ki, Azərbaycanda ekoloji problemlərin bir hissəsini də Ermənistanın işğalçılıq siyasətinin nəticəsi təşkil edir".

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının təsisçisi Leyla Əliyevanın konfrans iştirakçılarına video müraciəti təqdim olunub.

Qeyd edək ki, "Iteca Caspian" MMC və "Practical Solutions Group" şirkəti konfransa təşkilati dəstək göstərirlər. Tədbirə birbaşa dəstək göstərən ARDNŞ həm də konfransın baş sponsorudur. Konfransın digər sponsorları arasında BP ("Qızıl" sponsor), "Total" ("Gümüş" sponsor), "Cross Caspian Oil&Gas Logistics LTD", "EKOL Engineering Services" "AZLAB" və "Earth" ("Bürünc" sponsor) kim şirkətləri yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə