İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Nazirliyi mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların icrası, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev bu ilin oktyabrın 9-da keçirilən beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçkilərdə möhtəşəm və parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi İqtisadiyyat və Sənaye Nazirliyinin kollektivi və öz adından təbrik edib. Nazir qeyd edib ki, dövlət başçısı bu ilin 9 ayında görülən işlərə yekun vurub, qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, ölkə rəhbəri makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, süni qiymət artımına yol verilməməsi, 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar verib. Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100%-ə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilib.
Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyev çıxışında qarşıdakı illər üçün qarşıya həmçinin, sosial siyasətin prioritetliyi, sosial proqramların icrası, sosial infrastrukturun daha da inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatın demoqrafik inkişafla uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi mühüm vəzifələr qoyub: "Dövlət başçısı növbəti 5 il ərzində kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin icrası, informasiya-kommunikasiya texnologiyalarının inkişafı siyasətinin davam etdirilməsi, elektron xidmətlərin sayının artırılması, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə insan amilinə xidmət edir".
Müşavirədə ölkə prezidentinin Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, Nazirliyin strukturları tərəfindən Tədbirlər Planında nəzərdə tutulan işlərin gedişi barədə mütəmadi olaraq hesabatların dinlənilməsi qərara alınıb.
Müşavirədə nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında" 22 oktyabr tarixli Sərəncamının Nazirliyə böyük etimad olduğunu vurğulayıb, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB