Qeyri-neft sektorunun inkişaf istiqamətləri müzakirə olundu
Bu gün İqtisadi və Sosial İnkişaf Mərkəzi Fridrix ebert Stiftanq fondunun maliyyə dəstəyi ilə daxili iqtisadiyyatda sektorların rəqabət qabiliyyətliliyini ölçmək və həmin sahələr üzrə tətbiq olunmuş iqtisadi sahələri dəyərləndirmək məqsədi ilə aparılmış tədqiqatın ictimaiyyətə təqdim edilməsi üçün beynəlxalq konfrans keçirib. SİA xəbər verir ki, konfransda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov, Almaniyanın Azərbaycandakı səfiri Heidrun Tempel və Fridrix ebert Stiftanq fondunun Cənubi Qafqaz Regional Bürosunun direktoru Julis Blasius, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Turizm Nazirliyinin nümayəndələri, xarici və yerli ekspertlər iştirak ediblər.
Tədqiqat aparılmış iqtisadi sahələr barədə məlumat verən Vüqar Bayramov son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, nəticədə isə 2020-ci il üçün Ümumi Daxili Məhsulun 2 dəfə artırılmasının planlaşdırıldığını diqqətə çatdırıb. O bildirib ki, yaxın gələcəkdə dövlət büdcəsində qeyri-neft sektorunun payının artdığı özünü kifayət qədər biruzə verəcək.
Julis Blasius konfransda çıxışında qeyd edib ki, Azərbaycanda və regionda iqtisadiyyatın inkişaf istiqamətləri arasında tədqiqatı aparılan mövzular üstünlük təşkil edir: "Cənubi Qafqaz Regionunda və ölkənizdə bu sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişaf etməsi və bu prosesdə gənc nəslin iştirak etməsi bizim üçün önəmlidir. Fridrix ebert Stiftanq fondu sosial bazaların tədqiq edilməsində, ölkələrin iqtisadi potensialının artırılmasında maraqlıdır".
Səfir Heidrun Tempel Azərbaycanın son 10 ildə sürətlə inkişaf etdiyini, adambaşına düşən gəlirlərin artdığını, nəticədə isə ölkədə yoxsulluq səviyyəsinin aşağı düşdüyünü deyib. O bildirib ki, Dünya iqtisadiyyatı böhran keçirdiyi bir vaxtda Azərbaycan bu böhrandan az ziyan görməklə iqtisadiyyatında möhkəm təməl yaratmağı bacarıb: "Lakin bütün bunlara baxmayaraq bu ölkənin iqtisadiyyatı hələ də daha çox neft sektorundan gələr əldə edir. Səfirlik olaraq biz qeyri-neft sektorunun inkişaf perspektivləri barədə tədqiqatın xarici deyil yerli ekspertlər tərəfindən həyata keçirilməsini tələb etdik. Çünki Azərbaycanın bu sahədə olan çətinliklərinin kiçik detallarını yalnız yerli ekspertlər müşahidə edə bilər".
Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyən Ziyad Səmədzadə bu inkişafın artıq yeni tələblər irəli sürdüyünü bildirib. Millət vəkili qeyd edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəfləri tarixi göstəricilər olacaq: "Çünki dünyada iqtisadi böhranın yaşadığı bir vaxtda konsepsiyada hədəflənən artımlar reallaşarsa bu ölkənin iqtisadiyyatı üçün təqdirəlayiq haldır. Qeyd etmək istəyirəm ki, bu artımlar neft sektorunun deyil, qeyri-neft sektorunun hesabına əldə olunacaq. Bu gün Azərbaycanda formalaşmış iqtisadi siyasət aparılır və ölkənin özünəməxsus iqtisadi modeli mövcuddur".
Konfrans aparılan tədqiqatın ictimaiyyətə təqdim edilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB