Aydın Hüseynov: "Dünya iqtisadiyyatı böhran yaşadığı müddətdə Azərbaycanda bütün sahələr inkişaf edir"
"Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan 150 milyard dollar investisiyanın təxminən yarısını daxili investisiyalar təşkil edir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, sərmayə qoyuluşları əsasən sosial infrastruktur layihələrinin bərpasına, eyni zamanda özəl və qeyri-neft sektorlarının inkişafına yönəldilib: "Ölkə iqtisadiyyatına qoyulan investisiyalar real sektora yönəldilməklə yanaşı, sosial sahələri də əhatə edib. Nəticədə son 10 il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə azalaraq, 49 faizdən 5,5 faizə enib. Bu da onu göstərir ki, ölkədə aparılan iqtisadi siyasət əhalinin sosial rifah halının yüksəldilməsinə hesablanıb".
İqtisadçı-ekspert ölkə iqtisadiyyatının son 10 ildə 2 dəfədən çox artmasının, 50 milyard dollara yaxın valyuta ehtiyatlarının olmasının, eyni zamanda dövlət büdcəsinin 20 milyard dollara çatmasının Azərbaycanda yoxsulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu qeyd edib: "Ölkə iqtisadiyyatına qoyulan investisiyalar yeni iş yerlərinin açılmasına şərait yaradıb. Belə ki, investisiya qoyuluşları nəticəsində orta və xırda sahibkarlıq dövlət səviyyəsində iqtisadi siyasət kimi meydana çıxdı və bununla da insanların yeni iş yerləri ilə təmin olunması reallaşdı. Son 10 ildə Azərbaycanda 1 milyon 200 minə yaxın iş yeri açıldı, ölkə əhalisinin ümumi pul gəlirləri 5 dəfəyə qədər artırıldı. Bütün bunların nəticəsidir ki, ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 5,5 faizə endi. Ölkədə aparılan iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan dünyada öz iqtisadi modelini tanıda bilir. Bu iqtisadi modelin başlıca xüsusiyyətlərindən biri Azərbaycan iqtisadiyyatının xarici faktorlara söykənmədən müstəqil iqtisadiyyata çevrilməsidir. Neftin Azərbaycana milyardlar qazandırmasına baxmayaraq, hazırda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və minimuma endirilməsi üçün mühüm addımlar atılır. Dövrümüzün prioritet məsələlərindən biri ölkə iqtisadiyyatının neft sektorundan asılılığının tam aradan qaldırılmasıdır. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində qeyri-neft sektorunda və neft sektorunda Ümumi Daxili Məhsulun (ÜDM) çəkisi daha da artır. Cari ilin 9 ayı ərzində qeyri-neft sektorunda, xüsusilə sənaye sahəsində 10%-ə qədər artım əldə olunub. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasətin unikallığının göstəricisidir. Bu gün Azərbaycanın iqtisadiyyatında infilyasiya birrəqəmlidir və bu, dünyada normal hadisə kimi qarşılanır. Dünya iqtisadiyyatı böhran yaşadığı müddətdə Azərbaycanda bütün sahələr inkişaf edir. Avropanın ən inkişaf etmiş ölkələrində büdcə yükü azaldılır, əhalinin əməkhaqlarının ödənilməsində, pensiya və təqaüdlərin ayrılmasında müəyyən problemlər yaşanır, bu sahələrə qoyulan xərclərin həcminin azaldılması tendensiyası müşahidə olunur. Azərbaycanda isə əksinə, ötən ay dövlət başçısı tərəfindən bütün büdcə təşkilatlarında çalışanların əməkhaqları artırılıb və bu siyasət gələcəkdə də davam etdiriləcək. Ümumilikdə isə deyə bilərəm ki, ölkəmizin bütün iqtisadi uğurları Prezident İlham Əliyevin zəkasına və siyasi iradəsinə söykənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB