MB-nin nümayəndə heyəti DB və BVF-nun illik toplantısında iştirak edib

MB-nin nümayəndə heyəti DB və BVF-nun illik toplantısında iştirak edib

Mərkəzi Bankın (MB) sədr müavini Xəqani Abdullayev və Beynəlxalq əlaqələr departamentinin direktoru Fuad Hüseynov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısında iştirak ediblər. MB-dən SİA-ya verilən məlumat görə, səfər zamanı Mərkəzi Bankın nümayəndələri DB və BVF-nin əlaqədar qurumları və eləcə də digər mərkəzi banklar və özəl şirkətlərlə ikitərərfli görüşlər keçirib.

Nümayəndə heyəti DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Laura Takla görüşdə ölkəmizlə DB arasında layihələr portfeli, DB-nin yeni hazırlanan Ölkə üzrə Tərəfdaşlıq Strategiyası, Mərkəzi Bank ilə DB-nin əlaqədar sektorları arasında əməkdaşlıq barədə müzakirələr aparıb. Xanım Tak DB-nin layihələrinin uğurla həyata keçirilməsində dəstəyinə görə Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib, ölkəmizlə əlaqələrin daha da gücləndirilməsində DB-nin maraqlı olduğunu qeyd edib.

Daha sonra DB və BVF-nin Seçki Qruplarının rəhbərləri ilə görüşlər keçirilib, Seçki Qrupunun növbəti toplantısının Azərbaycanda təşkili üzrə müzakirələr aparılıb. Nümayəndə heyəti illik toplantı çərçivəsində təşkil edilən Seçki Qrupu toplantısında iştirak edən qrupun üzvlərini növbəti toplantıda iştirak üçün 2014-cü ilin iyul ayında Azərbaycana dəvət ediblər.

Səfər zamanı həmçinin AMB-nin nümayəndələri BVF-nin Qafqaz və Orta Asiya ölkələri üçün təşkil olunmuş bir sıra görüşlərdə və aktual iqtisadi mövzulara dair beynəlxalq konfrans və seminarlarda iştirak ediblər.

Səfər çərçivəsində Sədr müavini X.Abdullayev Con Hopkins Universitetində "Azərbaycanda monetar siyasət" mövzusunda təqdimatla çıxış edib. Öz çıxışında X.Abdullayev ölkə iqtisadiyyatının inkişafından, o cümlədən Mərkəzi Bankın siyasətindən və bank sektorunun inkişafından danışıb və sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə