Qobustanda Regional Təlim Tədris Mərkəzinin açılış mərasimi keçirilib

Qobustanda Regional Təlim Tədris Mərkəzinin açılış mərasimi keçirilib

Bu gün Qobustan Regional Təlim Tədris Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Təhsil naziri Mikayıl Cabbarov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. ARDNŞ Prezidenti və təhsil naziri Mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Mərkəzdə yaradılan şəraitdən razılığını bildirən Rövnəq Abdullayev dövlət səviyyəsində Azərbaycanda təhsilə göstərilən qayğıdan, eləcə də gənc nəslin təlim və tərbiyəsi istiqamətində görülən işlərdən danışıb, respublikada da peşəkar kadrların hazırlanması istiqamətində işlərin davam etdiriləcəyini söyləyib: "Mərkəz ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin nəzdində fəaliyyətə başlayıb. Şirkətin ixtisaslı fəhlə kadrlarına olan tələbatın ödənilməsində mühüm rol oynayacaq Mərkəzdə 48 sinif otağı, 28 inzibati və köməkçi otaq mövcuddur. İlk olaraq bu Mərkəzdə neft sənayesi üçün ənənəvi sayılan 12 ixtisas üzrə 370 nəfər yeni fəhlə kadrın hazırlanması nəzərdə tutulub ki, bu da Qaradağdan və ətraf rayonlardan olan gənclərin işsizlik problemlərinin həllinə mühüm töhfə olacaq. Qeyri-ənənəvi olaraq 500-dən artıq peşə üzrə fəhlə kadrlarına ehtiyacın təmin olunması məqsədilə Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən peşə-texniki məktəblərin imkanlarından istifadə edilməsi nəzərdə tutulub. Bu istiqamətdə Təhsil Nazirliyi ilə ARDNŞ-arasında danışıqlar aparılır".

Mikayıl Cabbarov isə bildirib ki, Mərkəzdə dünyanın ən müasir texnologiyalarından istifadə olunması Azərbaycan təhsilinin inkişafında mühüm addımdır: "Ölkəmizdə belə bir peşə məktəbinin olması gələcəkdə peşə təhsilli yüksək bilikli kadrlara sahib olacağımızın göstəricisidir. Azərbaycanın əldə etdiyi iqtisadi uğurların nəticəsində məzunlar üçün belə bir Mərkəzin olması onlar üçün yeni imkanların yaradılması deməkdir. Dövlət Neft Şirkətinin peşə təhsilinin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Düşünürəm ki, bütün peşə təhsili müəssislər də məhz bu Mərkəz səviyyəsində olmalıdır".

Daha sonra digər tədbir iştirakçıları və rəsmi qonaqlar Mərkəzdə yaradılan şərait barədə fikirlərini bölüşüblər.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə