Virus xəstəliyinə yoluxanların sayı 302-yə çatıb

Virus xəstəliyinə yoluxanların sayı 302-yə çatıb

İribuynuzlu heyvanlar arasında aparılan müalicə tədbirləri sayəsində bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalır. Dövlət Baytarlıq xidmətindən SİA-ya verilən məlumata görə, hazırda 302 baş heyvanda simptomatik müalicə tədbirləri aparılır. Bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər. Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən 16-ya enib.

Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb. Xəstəlik başlayandan indiyədək 154 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0.06 faizini təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir. Xəstəlik başlayandan indiyədək 210 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib, ərazi dezinfeksiya olunub. Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə