Azərbaycanın neft və qeyri-neft sektoru SON 10 İLDƏ

Azərbaycanın neft və qeyri-neft sektoru SON 10 İLDƏ

"Son 10 ildə müşahidə olunan iqtisadi artım təkcə özünü iqtisadi göstəricilərdə deyil, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, həmçinin regionda Azərbaycanın siyasi və iqtisadi baxımdan möhkəmlənməsində təsdiqlədi". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov son 10 ildə Azərbaycanın neft və qeyri-neft sektorunda əldə olunan uğurlarından danışarkən belə deyib.

Onun sözlərinə görə, sözügedən dövr Azərbaycan iqtisadiyyatına və tarixinə ciddi inkişafın müşahidə olunduğu illər kimi daxil olub: "Ölkə tarixində son 10 ilə qədər müşahidə olunan iqtisadi artım heç vaxt qeydə alınmayıb. Son 10 ilin birinci yarısı Azərbaycanda daha çox neft sektorunun inkişafı və xarici investorların cəlb edilməsi ilə yadda qalıb. Bununla da son 10 ilin ikinci yarısından başlayaraq neft ixracından büdcəyə daxil olan vəsaitlərin həcmində ciddi artımlar müşahidə olunub. 2010-cu ilədək Azərbaycan iqtisadiyyatında neft sektoru ölkə iqtisadiyyatı üçün həll edici rol oynasa da, 2010-cu ildən başlayaraq ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına diqqət cəlb edilib. Bununla da 2010-cu ildən başlayaraq ölkənin qeyri-neft sektorunda əldə olunan artım ikirəqəmlilik təşkil edib. Bu dövrdən başlayaraq son 3 ildə ardıcıl olaraq qeyri-neft sektorunda illik 12% artım qeydə alınıb. Təbii ki, bu da ölkə iqtisadiyyatında qeyri-neft sektorunun bütövlükdə payının artmasına və nəticədə onun Ümumi Daxili Məhsulda (ÜDM) payının 56%-ə çatmasına səbəb olub. Son dekadanın nəticəsi olaraq deyə bilərəm ki, bu gün Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı neft sektorunun payından daha çoxdur. Bu da təbii ki, Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişafının bərqərar olması baxımından daha əhəmiyyətlidir. Çünki ölkə iqtisadiyyatı davamlı olaraq inkişaf edir və bu, birmənalı olaraq qeyri-neft sektorunun inkişafından asılıdır".

Son 10 ildə dövlət büdcəsinin gəlirlərində kəskin artımların müşahidə olunduğunu deyən ekspert qeyd edib ki, büdcə gəlirlərinin 19 dəfə artması ilə Azərbaycan regionda və MDB-də bu günə qədər müşahidə edilən ən böyük artıma sahib olub: "Dünyanın heç bir ölkəsində 10 il ərzində dövlət büdcəsinin gəlirlərində bu qədər artım qeydə alınmayıb. Azərbaycanın büdcə gəlirləri bütövlükdə Cənubi Qafqazın büdcə gəlirlərinin 85%-ni təşkil edir. Ermənistanın büdcə gəlirləri isə bütövlükdə Azərbaycanın gəlirlərinin 15%-ni təşkil edir. Bu da Ermənistan iqtisadiyyatının Azərbaycanla müqayisə edilməyəcək qədər aşağı olduğunun göstəricisidir. Son 10 ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun artım tempi 4 dəfədən çox olub. 2007-2008-ci illərdə bu artım tempinə görə Azərbaycan dünyada lider ölkə idi. Azərbaycanda qlobal iqtisadi böhrandan sonra da iqtisadi artım tempini qoruyub saxlamaq mümkün oldu. 2009-cu ildən başlayaraq 3 il ərzində bu sahədə artım müşahidə edilib və 2013-cü ilin hazırki göstəricilərinə əsasən ölkə iqtisadiyyatında 7% artım proqnozlaşdırılır. Bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir. Həmçinin regionların Ümumi Daxili Məhsulun həcmindəki payının artması müşahidə olunur ki, bu da özünü Azərbaycan iqtisadiyyatının növbəti illərində daha çox göstərəcək. Cari ilin ilk 6 ayında yaradılan 59 min yeni iş yerinin 75%-i regionların payına düşür. Bu da onu göstərir ki, hazırda ölkə iqtisadiyyatında regionlarla paytaxt arasındakı iqtisadi fərqin aradan qaldırılması və regionların əsaslı inkişafı istiqamətində aparılan islahatlar öz töhfəsini verir. Əgər 10 il əvvəl biznesin təxminin 97%-i Bakı şəhərinin payına düşürdüsə, hazırda regionların biznesdəki payı ikirəqəmlidir, yəni 10%-dən artıqdır. Eyni zamanda Azərbaycanın ixrac potensialında da son 10 ildə kəskin artımlar müşahidə olunub. Buna görə də Azərbaycan ixrac qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü dövlətidir. Həmçinin sözügedən dövrdə ölkədə əməkhaqlarının və sosial müavinətlərin həcmində kəskin artımlar olub. Pensiyalar son 10 ildə 6 dəfəyə qədər artıb. Sosial müavinətlərin həcmində əldə olunan artımlar infilyasiya göstəricisini 4 dəfəyə qədər üstələyir. Bu da onu göstərir ki, əhalinin sosial şəraitində özünü biruzə verən sosial proqramlardakı və müavinətlərdəki bu artımlar realdır".

Bütün xəbərlər Facebook səhifəmizdə