“ABŞ-ın yenilənən qlobal rolu: Bakıdan baxış”

“ABŞ-ın yenilənən qlobal rolu: Bakıdan baxış”

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi-eksperti Fuad Çıraqovun "ABŞ-ın yenilənən qlobal rolu: Bakıdan baxış" adlı məqaləsi nüfuzlu "Müdafiənin ikinci xətti" Hərbi-Siyasi araşdırmalar mərkəzinin saytında dərc edilib. (http://www.sldinfo.com/re-shaping-the-u-s-global-role-the-view-from-baku/)

SİA-ya verilən məlumata görə, məqalə dəyişən dünyada ABŞ-ın rolunun yenidən dəyərləndirilməsi baxımından böyük marağa səbəb olub və mərkəz müəllifin irəli sürdüyü fikirlər ətrafında daha geniş müzakirələrə yol açmaq üçün "Dəyişən qlobal kontekst: ABŞ-ın və Avropanın yanaşmaları və seçimləri" mövzusunda silsilə araşdırmalara və fikir mübadiləsinə başlamaq qərarına gəlib. (http://www.sldinfo.com/the-changing-global-context-us-and-european-approaches-and-options/)

Məqalədə müəllifin irəli sürdüyü arqumentlər və suallar ətrafında nəzərdə tutulan silsilə araşdırmalar və müzakirələrin həyata keçiriləcəyi mərkəzin araşdırmaları əsasən ABŞ və NATO ölkələrinin ali və siyasi hərbi rəhbərlikləri üçün nəzərdə tutulub.

Mərkəzin daimi ekspertləri ABŞ-ın keçmiş və hazırkı hərbi və təhlükəsizlik orqanlarının rəhbərliyində uzun müddət yüksək vəzifələr tutmuş şəxslər və digər nüfuzlu beyin mərkəzlərinin nümayəndələrindən ibarətdir.

Qeyd edək ki, müəllif ABŞ-ın son zamanlar üzləşdiyi iqtisadi və siyasi problemlər, dünyada digər güc mərkəzlərinin rolunun artması habelə ABŞ-ın əvvəlki siyasi, hərbi və iqtisadi qüdrətini itirməsi ("declining U.S.") fövqündə onun və dünyanın hansı çağırışlarla üzləşdiyini nəzərdən keçirir.

Məqalədə ABŞ-da xarici siyasətin formalaşması zamanı son dövrlər meydana çıxan çətinliklərin siyasi və psixoloji səbəbləri təhlil edilir və xarici siyasətdə yeni dövrə uyğun düzgün hesablanmış strategiyanın hazırlanmasının həm ABŞ-ın milli maraqlarına uyğunluğu, həm də beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyəti vurğulanır.

Müəllifin fikrincə hazırkı dünyada münasibətlər keyfiyyətcə yeni və çox mürəkkəb mərhələyə daxil olur. Məqalədə qeyd edilir ki, bu dövrdə ABŞ-da zamanın tələbinə müvafiq olmayan xarici siyasət strategiyası irəli sürüldüyü halda ölkənin milli təhlükəsizliyi və qlobal mövqeyinə ciddi ziyan dəyə bilər. Bunun mənfi təsiri dünyanın digər ölkələri üçün də qaçılmaz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə