Nazir Bərdə sakinləri ilə görüş keçirib

Nazir Bərdə sakinləri ilə görüş keçirib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir. SİA-nın Qarabağ bürosu xəbər verir ki, bu məqsədlə də vergilər naziri Fazil Məmmədov Bərdədə vergi ödəyicilərinə xidmət mərkəzində bölgə sakinləri üçün qəbul keçirib. Yevlax, Tərtər, Agcabədi, Beyləqan, İmişli, Bərdə, Zərdab, Füzuli, Laçın, Ağdam, Xocalı və Xocavənd rayonlarından olan 50 dən çox vətəndaş nazirin qəbulunda iştirak edib. Müraciətlər əsasən vergi orqanlarına işə qəbul, POS –terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı, vergi borcları, o cümlədən vergi inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər və problemlər, həmçinin vergi dərəcələrinin azaldılmasına yönələn təkliflər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı olub.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb. Nazir digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verib.

Sonda qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə