Azərbaycan güclü iqtisadiyyata malikdir MÜSAHİBƏ

Vüqar bayramov: "Bu hesabatda ölkəmizin yerinin möhkəmlənməsi ölkədə gedən sürətli inkişafdan xəbər verir”
Azərbaycan güclü iqtisadiyyata malikdir MÜSAHİBƏ

Müsahibimiz iqtisadi-ekspert Vüqar Bayramovdur

- Vüqar müəllim, Dünya İqtisadi Formunun 2013-2014-cü il üzrə Dünya rəqabətlilik Hesabatında Azərbaycan 39-cu yerdə qərarlaşıb. Ümumiyyətlə bu indeksi necə qiymətləndirirsiniz?

- Rəqabətə davamlılıq indeksi Davos İqtisadi Forumu tərəfindən hazırlanması bu hesabatın digər hesabatlarla müqayisədə daha ciddi və obyektiv olmasını göstərir. Son illərdə ölkəmizin bu indeksdə yerinin ciddi şəkildə yaxşılaşması müşahidə olunur. Əgər Azərbaycan 2011-ci ildə rəqabətə davamlılıq indeksində 55-ci, 2012-ci ildə 46-cı yerdə idisə 2013 cü ildə isə 39-cu yerə yüksəldi. Son illərdə rəqabətə davamlılıq indeksindəki artımlar nəticəsində Azərbaycan MDB məkanında ən yaxşı göstəriciyə malik ölkədir. Bu indeksdə Azərbaycandan sonra ən yaxşı göstərici Qazağıstana, sonra isə Rusiyaya aiddir. Gürcüstan bu göstəricidə 72-ci, Ermənistan 79-cu, Ukrayna isə 84-cü yerdədir. Ermənistan Azərbaycandan 40 pillə geridə qalır. Ölkəmiz yalnız Cənubi Qafqazın deyil, eyni zamanda bu göstəricidə Mərkəzi Şərqi Avropanın inkişaf etmiş ölkələrindən öndədir. Belə ki, bu göstəriciyə görə Çexiya 46-cı yerdədir. Hesabata görə qonşu Türkiyə də Azərbaycandan geri qalır. Türkiyənin hesabatdakı yeri 44-cüdür. Bütün bunlar birmənalı şəkildə ölkəmizin iqtisadiyyatında müşahidə edilən inkişafla bağlıdır. Davos İqtisadi Forumu bu hesabatın hazırlanmasında dünyada ciddi qəbul edilən metodologiyadan istifadə edir. Bu da ondan xəbər verir ki, hazırlanan hesabat reallığı əks etdirən bir hesabatdır və Azərbaycanda makroiqtisadi göstəricini, eyni zamanda rəqabət aparma qabiliyyətini xarakterizə edir.

- Bildiyiniz kimi, bu indeksin hazırlanmasında ABŞ-nın aparıcı iqtisadçılarının və Nobel mükafatçılarının cəlb olunduğu metodologiyadan istifadə olunur. Bu metodologiyanı necə xarakterizə edərdiniz?

- Bu hesabatda istifadə edilən xüsusi metodologiyaya əsasən üç kateqoriya üzrə ölkələrin qiymətləndirilməsi həyata keçirilir. Kateqoriyalardan biri makroiqtisadi stabillik və infrastrukturdur ki, bu da öz növbəsində 4 istiqamət üzrə bölünür. Buraya instutların, infrastrukturun, təhsil və səhiyyənin, o cümlədən makroiqtisadi vəziyyətin qiymətləndirilməsi daxildir.

İkinci kateqoriya səmərəlikdir ki, buraya 6 istiqamət daxildir. Buraya ali təhsil və təlimlər, əmək bazarında, əmtəə bazarında səmərəlik, maliyyə bazarının inkişafı, texnologiyanın tədbiq edilməsi və bazarın böyüklük miqyası daxildir.

Üçüncü kateqoriya isə innovasiya üzrə qiymətləndirmədən ibarətdir ki, buraya biznesə yeni ixtiraların tədbiqi və innovasiyanın tədbiqi daxildir. Bütün koteqoriyalar və indikatorlar üzrə qiymətləndirmələr onu göstərir ki, Azərbaycan dünya iqtisadiyyatında aparıcı yerə malikdir.

- Konkret istiqamətlər üzrə qiymətləndirmədə Azərbaycanın qonşu ölkələrlə müqayisədə vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan bir sıra istiqamətlər üzrə qiymətləndirmədə MDB-də hətta deyərdim ki, Mərkəzi Şərqi Avropada ən yaxşı göstəricilərə malik ölkə kimi qiymətləndirilir. Makroiqtisadi stabillik indeksində ölkəmiz dünyada 8-ci yerdədir. Bu o deməkdir ki, həmin istiqamət üzrə Azərbaycan yalnız yeddi ölkədən geri qalır. Gürcüstan 61-ci, Ermənistan bu istiqamət üzrə dünyada 64-cüdür. MDB məkanında Azərbaycandan sonra ən yaxşı göstəriciyə Rusiya malikdir. Rusiyada bu rəqəm 19-dur. Türkiyə 76-cı yerdə, Ukrayna isə 107-ci yerdədir. Baxmayaraq ki, əmək bazarı məşğulluq sferası yeni formalaşıb Azərbaycan əmək bazarındakı səmərəliyə görə dünyada ilk 30 luqdadır. Rusiyada bu rəqəm 72, Gürcüstan və Ermənistan 50-yə daxildir. Türkiyədə isə bu göstərici 13-dur.

İstehlak kreditlərinin dəyişmə bazarına görə Azərbaycan dünyada birinci, ÜDM görə dünyada 10-cu, büdcə balansına görə 15-ci yerdədir. Biznes sektorunda mütəşəkkil cinayətlə mübarizəyə qarşı ölkəmiz MDB-də birinci yerdədir. Bütün kateqoriyalar üzrə indeksin qiymətləndirilməsi onu göstərir ki, Azərbaycan əksər indikatorlar üzrə dünyada ilk sıralarda yer alıb. Bu hesabatda ölkəmizin yerinin möhkəmlənməsi ölkədə gedən sürətli inkişafdan xəbər verir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə