“Bulla-dəniz" qaz yatağındakı qəza ilə bağlı proqram hazırlanır

“Bulla-dəniz" qaz yatağındakı qəza ilə bağlı proqram hazırlanır

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda yanğın davam edir və hadisə yerində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri çalışır: "Yardım üçün Britaniyanın BP şirkəti də müraciət edib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır, ilkin ehtimallara görə, qəzaya səbəb yükək təzyiq olub. Yanğını söndürmək böyük problem deyil və hazırda vəziyyət nəzarət altındadır".

Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb. 90 №-li kəşfiyyat quyusu "Bulla-dəniz" yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə 2012 ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr).

Bütün xəbərlər Facebook səhifəmizdə