"Rusiya Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir"

"Rusiya Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir"

"Rusiyanın prezidenti Vladimir Putinin Azərbaycana səfəri strateji olmaqla yanaşı, eyni zamanda iqtisadi münasibətlərin inkişaf etməsi, eləcə də hər iki dövlət arasında ticari əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı Putinin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir: "Praktiki olaraq bu gün Rusiya Azərbaycanda qeyri-neft sektorundə ən böyük paya malikdir. Ticarət dövriyyəsinə görə İtaliyadan sonra ikinci yerdə qərarlaşan Rusiya, Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələrdən biridir. Təbii ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Azərbaycan da öz növbəsində Rusiya iqtisadiyyatına investisiya qoyan ölkələrdən biridir. Bu baxımdan Rusiya prezidentinin Azərbaycana səfəri siyasi və strateji mesaj kimi qiymətləndirilməlidir".

İqtisadçı ekspert bildirib ki, görüşdə müzakirə olunan məsələlər birbaşa Rusiya tərəfinin Azərbaycanla uzun müddətli əməkdaşlıq edəcəyinə dair mesaj idi: "Səfər çərçivəsində tək enerji sektoru ilə bağlı yox, eləcə də digər sahələrə aid sazişlər imzalandı. İqtisadi baxımdan diqqət çəkən sənədlərdən biri, məhz Azərbaycan enerji resurslarının nəqlində Rusiya tərəfinin iştirakı idi. Bu sazişin Azərbaycan üçün strateji əhəmiyyəti var. Azərbaycanın TAP layihəsinə qoşulması, səfər çərçivəsində Rusiya ilə bir sıra vacib sənədlərin imzalanması mavi qazı, eləcə də enerji resurslarını dünya bazarına çıxarmaq üçün ölkəmizə imkan verəcək. Bununla da Azərbaycan müxtəlif bazarlara öz enerji resurslarını rahat şəkildə çıxarıb mavi qazı və enerjini baha qiymətə sata biləcək. Bu da dövlətimizin iqtisadi maraqlarının qorunması və enerji resurlarından daha çox gəlir əldə etməsinə zəmin yaradacaq".

Samur çayı üzərində avtomobil körpüsünün tikintisi ilə bağlı imzalanan sazişin üstünlüklərindən danışan V. Bayramlının fikrincə, bu sənəd Azərbaycanda nəqliyyat infrastrukturun inkişafına təkan verəcək: "Bu, tək vətəndaşların deyil, eləcə də hər iki ölkənin iş adamlarının dünya bazarına öz məhsullarını daha rahat şəkildə aparmasına öz töhfəsini vermiş olacaq. Bununla da xarici ölkələrə yük daşınmasının sayı artacaq. Rusiya tərəfi də bundan faydalanmaqla, öz ölkəsində istehsal olunan bir sıra tikinti və digər sənaye məhsullarını Azərbaycan bazarına çıxarmaq və satmaq imkanı əldə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə