Prezident İlham Əliyev: “ÜDM 5 faiz, qeyri-neft sektoru 11 faiz artıb”
"Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaq. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər". SİA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqi zamanı söyləyib.
Dövlət başçısı bildirib ki, Ümumi daxili məhsul 5 faiz və qeyri-neft sektoru təxminən 11 faiz artıb: "Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib".
Prezident diqqətə çatdırıb ki, bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmaq barədə qarşıya qoyulan məqsədə çatacağıq: "Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcək. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaq. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB