Pul nişanlarının ekspertizasının təşkili mövzusunda seminar keçirilib

Pul nişanlarının ekspertizasının təşkili mövzusunda seminar keçirilib

Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində "Bank Respublika" ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib. SİA-ya verilən məlumata görə, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda prezentasiya təqdim edilib, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumatlar verilib.

Seminar zamanı iştirakçılar tərəfindən kommersiya banklarında tətbiq olunan texnoloji sistemlərlə aparılan nağd əməliyyatlarda saxta əskinasların müəyyən olunmaması riskləri, xarici valyutaların ekspertizasının keçirilməsi prosedurları barədə verilən suallar cavablandırılıb və müzakirələr aparılıb.

Seminarın sonunda kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlərin həyata keçirildiyi və bu sahədə banklara müvafiq texniki yardımların göstərildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə