SAM Koreya-Mərkəzi Asiya-Azərbaycan mövzusunda seminar keçirir

SAM Koreya-Mərkəzi Asiya-Azərbaycan mövzusunda seminar keçirir

Bu gün Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə "5-ci Koreya – Mərkəzi Asiya Beynəlxalq Seminarı" keçirilir. SİA-nın xəbərinə görə, ilk dəfə Bakıda təşkil olunan seminar "Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya - Mərkəzi Asiya - Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusunda aparılır. Seminarda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Koreya tərəfdən isə parlamentin üzvü Hwang Jin Ha, Koreyanın Azərbaycandakı səfiri Choi Suk-Inn və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun nümayəndəsi Jeong Yeo Cheon çıxış ediblər.

Tədbirdə ilk sessiya "Koreya və Azərbaycan arasında iqtisadi əlaqələrin qiymətləndirilməsi və Azərbaycanın iqtisadi inkişafının perspektivləri" mövzusunda olub. Sessiyada Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı, Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Rasim Həsənov və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun elmi işçisi Jo Young Kwan çıxış ediblər.

Digər panellərdə isə "Mərkəzi Asiya ölkələrinin sənaye diversifikasiyası strategiyası və iqtisadi inkişaf üçün tədbirlər" və "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya - Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığına dair tədbirlər" mövzusunda müzakirələr olacaq.

Qeyd edək ki, SAM və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun arasında əməkdaşlığı gücləndirmək üçün Anlaşma Memorandumu imzalanıb.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə