Aleksandros Piterson: Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsini həll edir
İyunun 27-də Amerikanın nüfuzlu "United Press International" nəşrində məşhur amerikalı politoloq Aleksandros Pitersonun "Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsini həll edir" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Xəzər yataqlarında hasil edilən neftin Avropa İttifaqı ölkələrinə nəqli üçün nəzərdə tutulan "Cənub dəhlizi" layihəsindən bəhs edilir.
Müəllif yazır ki, regionun nüfuzlu oyunçusu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz seçimini son təyinat məntəqəsi İtaliyada olan, Yunanıstan və Albaniya ərazisindən keçən Transadriatik qaz kəməri (TAP) layihəsi üzərində saxlayıb. Bu layihənin rəqibi sayılan Nabukko-Qərb layihəsinin marşrutu Mərkəzi və Şərqi Avropadan keçməklə Avstriyanın Baumqarden şəhərində beynəlxalq paylaşdırma məntəqəsinə qədər davam etməli idi. A.Piterson Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun bu yaxınlarda söylədiyi bir fikri sitat gətirir: "Gələcəkdə bu layihə Avropa İttifaqı ölkələrinə təbii qaz nəqlinin 10 faizini təchiz edəcəkdir".
Müəllif qeyd edir ki, layihələrdən hansının seçilməsi barədə qərar Vaşinqtonda və ya Brüsseldə qəbul edilməyib. Hətta Qara dəniz hövzəsindəki enerji layihələrinin əsas oyunçusu olan Türkiyə də bu məsələdə ARDNŞ-ə güzəşt etməli olub. ARDNŞ bütün Türkiyə ərazisindən keçməklə Bolqarıstan sərhədinə qədər uzanan Cənub dəhlizi – Transanadolu qaz kəmərinin çox hissəsinin inşa edilməsi sayəsində Türkiyə iqtisadiyyatına ən böyük investora çevrilib.
Müəllif yazır ki, Klinton və Buş administrasiyalarının fikrincə, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri (BTC) layihəsinin həyata keçirilməsi transatlantik enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb etdiyindən, ABŞ bu layihənin həyata keçirilməsində mühüm rolu oynayıb. Ona görə də amerikalı diplomatlar ümid edirdilər ki, Avropa İttifaqı və NATO enerji təhlükəsizliyinin dəstəklənməsi siyasətini qaz kəmərlərinə də şamil edə biləcəklər. Lakin real maliyyə dəstəyi olmayanda ARDNŞ bu layihənin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərinə götürməklə bərabər, neft məhsullarının emal edilməsi, onların Türkiyəyə və Avropa bazarlarına çatdırılması planlarını da elan edib.
Bu həftə Yunanıstanın qaz operatorunun səhmlərini almış ARDNŞ həm də İsrailin ən iri enerji ehtiyatları təchizatçılarından biridir. ARDNŞ yaxın vaxtlarda İsrail sularındakı yataqlarının işlənməsində iştirak edəcəyini elan edib.
A.Pitersonun mülahizələrinə görə, cəmi 10 il bundan əvvəl təsəvvürə gətirmək çətin idi ki, Bakı Avropanın enerji təhlükəsizliyi şərtlərini diktə edəcəkdir. Lakin energetika sahəsində qlobal dəyişikliklər şəraitində əvvəlki xırda şirkətlər bu gün dinamik oyunçulara və gələcəyin potensial həlledici tərəflərinə çevrilir. Müəllif sonda yazır: "ARDNŞ-in təcrübəsi ABŞ və Avropa enerji diplomatları üçün nümunədir".
Xatırladaq ki, Aleksandros Piterson Vaşinqtondakı Vudro Vilson adına elmi mərkəzdə Avropanın enerji təhlükəsizliyi təşəbbüsünün müşaviri və "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB