TAP layihəsi sayəsində Yunanıstan ilk dəfə enerji xəritəsində yer alacaq
Azərbaycan qazının Avropaya daşınması üçün "Şahdəniz" Konsorsiumu tərəfindən TAP (Trans-Adriatik boru kəməri) layihəsinin seçilməsi iqtisadi böhran içində olan Yunanıstanda böyük sevinc doğurub. SIA xarici KİV-lərə istinadla xəbər verir ki, Yunanıstanın İqtisadi və Sənaye Araşdırmaları Mərkəzinin məlumatına görə, TAP layihəsi çərçivəsində 2015-2018-ci illəri əhatə edəcək təbii qaz xəttinin inşasında Yunanıstanın gəliri 320 milyon avro olacaq və 2 min 700 iş yeri açılacaqdır. Ümumilikdə, kəmərin fəaliyyətə başlamasından sonrakı 50 ildə (2019-2069-cu illərdə) TAP Yunanıstana 35 milyard avroya yaxın gəlir gətirəcəkdir.
Afinanın Pandion Universitetinin beynəlxalq əlaqələr institutunun müdiri Konstantinos Filis isə TAP layihəsi sayəsində Yunanıstanın ilk dəfə enerji xəritəsində yer alacağını vurğulayıb.
Uzunluğu 870 kilometr olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyanın cənubuna çatdıracaqdır. Layihə ilkin olaraq 2,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin inşasına nə qədər vəsait ayrılacağına dair yekun qərar isə 2013-cü ilin sonunadək qəbul olunacaqdır. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində hasil olunacaq Azərbaycan qazıdır. İlkin mərhələdə qaz kəməri ilə Avropaya ildə 10 milyard kubmetr "mavi yanacaq" çatdırılması, daha sonra isə həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Hazırda TAP-ın üç səhmdarı vardır. Bunlar İsveçrənin "Axpo" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB