Sahibkarlığa Kömək Milli Fondunun növbəti tədbiri LƏNKƏRANDA

Sahibkarlığa Kömək Milli Fondunun növbəti tədbiri LƏNKƏRANDA

İyunun 21-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir Lənkəran rayonunun Veravul kəndində keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Əvvəlcə SKMF-nin aparıcı məsləhətçisi Elnur Abbasovun təqdimatında Fond tərəfindən rayonda prioritet hesab olunan südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq, çayçılıq, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri barədə məlumat verilib, Lənkəranın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından, sahibkarlara göstərilən dövlət qayğısından danışıb, sosial-iqtisadi sahədə Lənkəran rayonunda reallaşdırılan tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, icrası uğurla reallaşdırılan məqsədli dövlət proqramlarının regionların, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirib, sahibkarlığın inkişafına göstərilən sistemli dövlət dəstəyi tədbirləri nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun davamlı olaraq artdığını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla, respublika üzrə sahibkarlıq subyektlərinin 1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167,5 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6800-ə yaxın iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 64,7 milyon manat güzəştli kreditlər verilib.

Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə