Deputatlardan banklara etiraz!

Milli Məclisin növbədənkənar iclasında deputatlar bankların kreditləri yüksək faizlə vermələrinə etiraz ediblər. SİA-nın məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, bu gün banklar əhaliyə kreditləri 12 -35 faizlə verirlər: "Yuxarı faizlə verilən kreditlər insanları zəlil vəziyyətinə salır. Vətəndaşlar xırda sosial problemləri həll etmək üçün kredit götürür və bu kreditlər içərisində boğulurlar. Kənd təsərrüfatında çalışan şəxslər 10 min manata qədər kredit götürürlər. Bu kredit 30 faizlə verilir və 1 il müddətinə qaytarılması tələb olunur".

Millət vəkili vurğulayıb ki, faizləri tələb olunan dövrdə qaytarmayan şəxslərin pensiya və sosial müavinət kartlarına həbs qoyulur və borcu oradan çıxırlar: "Artıq həyəcan təbili çalınmalıdır və insanları zəli kimi soran bankların özbaşınalığına son qoyulmalıdır. 35 faizlə kreditlərin verilməsi qəbulolunmazdır".

Deputat Çingiz Qənizadə isə çıxışında vətəndaşların bank olmayan kredit təşkilatlarının fəaliyyətindən şikayətlər etdiyini deyib. O qeyd edib ki, bir sıra bank olmayan kredit təşkilatları kredit alanlar tərəfindən ödəniş edilməsinə baxmayaraq, onların evlərinə həbs qoyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə