Aldadılan bank müştəriləri Araşdırma

Aldadılan bank müştəriləri Araşdırma

Son zamanların sosial statistikasını araşdırdıqda müəyyən etmək olar ki, ölkə əhalisinin təqribən 30-40 faizi bank kreditləri alır. Banklar müxtəlif kredit növləri ilə əhaliyə xidmət göstərir. Lakin vətəndaşlar bankların onlara göstərdiyi xidmətdən daha çox zərər çəkirlər. Fikrimizi daha açıq ifadə etsək deyə bilərik ki, banklar bu məsələdə müştərilərini aldadır. Belə ki, Azərbaycanın bank sektorunda araşdırma aparsaq görərik ki, bankların müəyyənləşdirdiyi kredit faizləri beynəlxalq bank sektorundakı faizlərdən bir neçə dəfə artıqdır. Ölkədə fəaliyyət göstərən kommersiya bankları kredit faizlərinin artıq olmasını özlərinə məxsus şəkildə izah edirlər. Banklardan bildirilir ki, kreditlərə cəlb olunan maliyyə vəsaitinin böyük bir hissəsi ölkəyə xarici banklardan daxil olur. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, hal hazırda Mərkəzi Bankın tətbiq etdiyi uçot faizi kommersiya banklarının verdiyi kreditin 7 faizini təşkil edir. Yəni Mərkəzi Bankın cəlb etdiyi uçot faizi 4,25 faizdir. Vüqar Bayramovun sözlərinə görə, kommersiya banklarının orta faiz dərəcələrinin 25 faiz olduğunu nəzərə alsaq görərik ki, bankların müəyyən etdiyi məbləğ Mərkəzi Bankın təklif etdiyi kreditdən 5 dəfə artıqdır. İqtisadçı ekspert həmçinin əlavə etdi ki, Mərkəzi Bankın tətbiq etdiyi uçot faizinə görə kommersiya bankları kredit faizlərini 25 faizdən 15-16 faizə qədər azalda bilər.

Bundan başqa hal hazırda Azərbaycan banklarının aktivləri 19 milyard manata yaxındır.

Buradan belə bir qənaətə gəlmək olar ki, bu gün bankların müəyyənləşdirdiyi kredit faizləri yalnız əhalini aldadıb onlardan artıq vəsait almağa hesablanıb.

Kommersiya bankları bu gün əhalidən 6 milyard manata yaxın vəsait cəlb edib. Kommersiya banklarının cəlb etdikləri əmanətlərlə əhaliyə verdikləri kredit arasında 46 faizlik fərq var. Yəni banklar əhalidən əmanətləri 8 faizlə götürürlər, kreditləri isə yüksək faizlə vətəndaşlara təklif edirlər. Buradan belə bir nəticəyə gəlmək olar ki, cəlb edilən əmanətlərlə verilən kreditlər arasında heç bir əlaqə yoxdur.

Bundan başqa əhaliyə kreditlərin verilməsi zamanı banklar onlardan komisyon xərci tələb edirlər. Vüqar Bayramov bildirib ki, komisyon xərcləri yalnız Azərbaycan bankçılığında geniş istifadə olunur. Onun sözlərinə görə, banklar bu məbləği kredit alanlardan tələb etməklə onları aldatmış olurlar.

Qeyd edək ki, komisyon xərclər beynəlxalq bankçılıqda mövcud olsa da, bu məbləğ yalnız böyük həcmli kreditlər verilərkən alınır. Eyni zamanda bu məbləğ kiçik olur. Məsələn Avropa bankçılığında ən iri komisyon xərci 5 faizdən artıq deyil. Azərbaycanda isə bu 7 faizdir. Əldə etdiyimiz faktlar deməyə əsas verir ki, ölkədəki banklar əslində əhaliyə xidmət göstərmək üçün deyil, vətəndaşları aldatmaq uğurunda rəqabət aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə