“ASAN Xidmət”-in yeni mərkəzi fəaliyyətə başladı

“ASAN Xidmət”-in yeni mərkəzi fəaliyyətə başladı

Bu gün 2 saylı Bakı "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, bu mərkəzin xidmətlərindən Xətai, Suraxanı və Nizami rayonlarının sakinləri yararlana biləcəklər. Onun sözlərinə görə, bu xidmət 800 mindən artıq əhalinin əhatə edəcək.

İnam Kərimov qeyd edib ki, avqust ayına kimi Bakı şəhərinin Yasamal rayonunda 3 saylı "ASAN Xidmət" mərkəzinin açılışı nəzərdə tutulur: "İlin sonuna kimi Gəncə şəhərində də "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Həmin mərkəz Gəncə ətrafı regionları əhatə edəcək. Bu il yanvarın 15-dən etibarən "Asan Xidmət" mərkəzlərində 120 min nəfərə yaxın vətəndaşa xidmət göstərilib".

Qeyd edək ki, hər 3 rayonun əhalisi mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən yararlana biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə