2012-ci il büdcəsinin icrası haqqında qanun qəbul edildi

2012-ci il büdcəsinin icrası haqqında qanun qəbul edildi

Milli Məclis "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu müzakirə edib. SİA-nın məlumatına görə, parlamentin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2012-ci ildə makroiqtisadi dayanıqlılıq qorunaraq saxlanılıb, əhalinin gəlirləri artıb, qeyri-neft sektorunun, regionların inkişafına vəsait qoyuluşu davam edib, nəzərdə tutulan bütün proqramlar maliyyələşdirilib.

Onun sözlərinə görə, 2012-ci ildə istehsal edilən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 2, 2 faiz artaraq 54 mlrd. manata çatıb: "İqtisadiyyatın qeyri- neft sektorunda əlavə dəyərin 9,7 % artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 %-dən 52,7 %-dək yüksəlib. Müvafiq olaraq ÜDM-in 47,3 %-i neft-qaz istehsalı və email sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən 5 % azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 %-nə bərabər olub. 2012-ci ilin yekunlarına görə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,2 % artaraq 34,7 mlrd. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3784, 3 manat olub, hər nəfərə düşən gəlirlər 12,2 % artaraq istehlak qiymətlərinin bahalaşmasını 11, 1 % üstələyib. Keçən il ölkə üzrə orta aylıq əmək haqqı 396 manat təşkil edib kİ, bu da əvvəlki illə müqayisədə 8,7 % çoxdur".

"Son 10 ildə ölkə üzrə ixrac nominal ifadədə 9,2 dəfə, idxal isə 3,7 dəfə artıb. 2012-ci ildə elm xərcləri üzrə icra 116,7 mln. Manat olub ki, bu da 2011-ci illə müqayisədə 10,6 mln. manat çoxdur. Təhsil sahəsi üzrə icla 1453, 2 mln. manat olub ki, bu da 2011-ci illə müqayisədə 184, 7 mln. manat çoxdur. Mədəniyyət, incəsənət, informasiya və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə icra nəzərdə tutulan 254,8 mln. manat proqnoza qarşı 240,8 mln. manat olub ki, ki, bu da 2011-ci illə müqayisədə 51 mln. manat çoxdur. Səhiyyə xərcləri üzrə icra 609, 4 mln. Manat olub ki, bu da 2011-ci illə müqayisədə 116 mln. manat çoxdur. İcmal büdcəsinin gəlirləri 22,3 milyard manat təşkil edib",- deyə maliyyə naziri fikirlərinə əlavə edib.

Nazir onu da qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə dövlət başçısının imzaladığı fərmana uyğun olaraq Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ilin 4 ayında 187 mənzil alınıb: "2012-ci ildə müdafiə xərclərinə 2 milyard 899 milyon manat yönəldilib. Naxçıvanda investisiya xərclərinin maliyyələşdirilməsinə 130 milyon manat ayrılıb. Dövlət Neft Fondundan daxil olan vəsaitlərdən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 milyon manat xərclənib".

Samir Şərifov aqrar sektora diqqətin davam etdirildiyini vurğulayıb: "Bu məqsədlə dövlət büdcəsindən 112 milyon manat sərf edilib. Regionların sosial-iqtisadi inkişafı nəticəsində büdcəyə 530 milyon vəsait daxil olub. Keçən il büdcə 634 milyon manat kəsirlə təsdiqlənib. Ancaq faktiki büdcə kəsiri 135 milyon manat təşkil edib. Bu ilin yanvar ayına olan məlumata əsasən, büdcə xəzinəsində 465 milyon manat var. Xahiş edirəm, həmin vəsaitdən builki büdcə xərclərini ödəmək üçün istifadə edək".

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə