"Pul nişanlarının ekspertizasının təşkili"

"Pul nişanlarının ekspertizasının təşkili"

Mərkəzi Bankın mütəxəssisləri tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində "Bank of Baku" ASC-nin tədris mərkəzində bankın nağd pul sahəsində çalışan və təcrübə keçən əməkdaşları üçün pul nişanlarının ekspertizasının təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda təqdimat nümayiş etdirilib, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumat verilib.

Daha sonra qeyd olunub ki, bank xidmətlərinin avtomatizasiyası, nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bir çox banklar tərəfindən ödəniş terminalları və "Cash-in" funksiyalı ATM-lər quraşdırılıb.

Lakin müəyyən hallarda qeyd olunan texnoloji sistemlərin tətbiqi zamanı saxta əskinasların müəyyən olunması risklərini minimallaşdırmaq məqsədilə Mərkəzi Bankın müvafiq qurumları ilə lazımı müzakirələrin aparılmasının zəruriliyi qeyd olunub.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, həmçinin bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə