Manatın dəyəri stabildir

Aprel ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.02 manata dəyişdirilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 100 Rusiya rublu 2.51 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.03 və 2.56 manata bərabər olub. Bundan başqa ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 26.2 faiz çox və ya 13.0 milyard manat məbləğində kredit ayırıb. Verilmiş kreditlərin 73.0 faizi uzunmüddətli xarakter daşıyıb. 5.9 faizinin isə ödəmə vaxtı keçib.

Dövlət Statistika Komitəsi həmçinin ölkə əhalisinin əmək haqqı ilə bağlı məlumat yayıb. Məlumata görə, muzdla işləyənlərin orta aylıq əmək haqqı birinci rübdə 6.8 faiz artaraq 404.7 manat təşkil edib. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə