“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”

“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”

Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilib. İİN-dən SİA-ya verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sferalarda köklü islahatların həyata keçirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışmışdır.

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, milli iqtisadiyyatın yaradılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadiyyatın liberallaşması və rəqabətqabiliyyətliliyinin artırılması, büdcə və valyuta ehtiyatlarımızın çoxalması, sahibkarlıq fəaliyyətinin genişlənməsi dahi siyasət korifeyi Heydər Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətləri olub: "Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısına çevrilib".

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Ulu Öndər Heydər Əliyevin insan kapitalının inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi islahatlar, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə