"Enerji amili Azərbaycan və ümumilikdə region üçün çox vacibdir"
"Enerji amili Azərbaycan və ümumilikdə region üçün çox vacibdir. Bu dövr Azərbaycan enerjisi üçün çox mühümdür. "Cənub qaz dəhlizi"nin inkişafı nəticəsində qaz Türkiyə ərazisi vasitəsilə Avropaya nəql olunacaq, qısa zamanda "Şahdəniz" konsorsiumu üzrə tərəfdaşlar Avropaya qaz tədarükü marşrutlarından birinin - "Nabucco West" və ya Trans-Adriatik qaz kəmərinin seçilməsi barədə qərar qəbul edəcəklər". SİA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bazar ertəsi Bakıda keçirilən Dünya İqtisadi Forumunun iclasında çıxış edərkən deyib.
Morninqstar Türkiyə və Azərbaycanın bu istiqamətdə, xüsusən TANAP qaz kəməri üzrə razılaşmanın əldə edilməsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli addımları qeyd edib: "Bu qaz kəməri Azərbaycanın digər yataqlarından hasil ediləcək qaz hesabına genişlənə bilər. Onun vasitəsilə Türkmənistan qazı nəql edilə bilər. Bunun üçün Trans-Xəzər qaz kəməri ilə bağlı çətinliklərin öhdəsindən gəlmək lazımdır. Türkmənistan "Cənub qaz dəhlizi"nin bir hissəsi ola bilər".
Morninqstarın sözlərinə görə, Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir: "Respublika enerji sektorundan asılılığını azaltmaq üçün iqtisadiyyatın nəqliyyat, kənd təsərrüfatı, turizm, telekommunikasiya kimi sektorlarını inkişaf etdirməlidir. Azərbaycan rəqabət şəraitinin yaradılmasına çalışmalı, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üzərində işləməlidir. Həmçinin, nəqliyyatın sərhədlərdən keçməsinin sadələşdirilməsi və ticarət məsələsi vacibdir. Ən əsası Azərbaycanda insan kapitalının artırılmasıdır və bunun üçün təhsil sahəsinə sərmayə yatırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB