Novruz Bayramı ərəfəsində Astara rayonunun daha üç kəndinə təbii qaz verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq Astara rayonunun üç kəndinə-Şüvi, Sərək və Vəznəş kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Fuad Şükürov və başqaları əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısından danışıblar. Kənd sakinləri Novruz bayramı ərəfəsində kəndlərə təbii qazın verilişini yüksək qiymətləndiriblər.
Xalqımızın əziz bayramı ərəfəsində kəndlərə təbii qazın verilişi sakinlər üçün ikiqat bayrama çevrilib. Belə ki,sözü gedən kəndlərdə sovet dönəmində belə təbii qaz olmayıb. Astara qaz istismar sahəsinin rəisi Zahir Rzayeviin sözlərinə görə, bu məqsədlə birpilləli sistem əsasında 9800 metr uzunluğunda polietilen, 16 min 400 metr metal borular çəkilib, ərazidə qaztənzimləyici qurğular, 59 ədəd siyirtmə şkaflar qurulub. İlkin mərhələdə 500 ev mavi yanacaqla təmin edilib.
Qeyd edək ki,hazırda Astara rayonunda 34 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Bu il rayonun daha 16 kəndinə mavi yanacağın verilməsi nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB