Lənkəranda Çay bayramının keçirilməsi qərara alınıb

Lənkəranda Çay bayramının keçirilməsi qərara alınıb

Lənkəran ŞİH başçısı yanında keçirilən növbəti Şura iclasında bir sıra mühüm məsələlər müzakirə olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Lənkəran rayonunun qazlaşdırılması və rayonunun su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması vəziyyəti haqqında məruzələr dinlənilib.

Məruzə ətrafında müzakirələrdə Lənkəran ŞİH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev və Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov çıxış ediblər.

Daha sonra Lənkəran ŞİH başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Tofiq Rzayev "Cari təsərrüfat ilində kənd təsərrüfatı işlərinin gedişi və "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi barədə" məruzə edib. Məruzə ətrafında müzakirələrdə Bölgə təcrübə stansiyasının direktoru Həzər Hüseynov və rayon Baytarlıq idarəsinin rəisi Rövşən Əliyev çıxış edərək təkliflərini bildiriblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan hər iki məsələyə münasibətini bildirib, bu məsələlərin aktuallığını diqqətə çatdırıb. İcra başçısı rayonun qazlaşdırılması və su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılmasını sürətləndirmək məqsədilə tövsiyələrini və tapşırıqlarını verib, görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi istiqamətində müvafiq qurumların, aidiyyatı strukturların rəhbərlərini daha məsuliyyətli olmağa çağırıb.

İkinci məsələyə münasibətini bildirən Taleh Qaraşov qeyd edib ki, rayonların kənd təsərrüfatının ixtisaslaşdırılması məsələsi cənab Prezident İlham Əliyev tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə mühüm vəzifə kimi tapşırılıb. Buna görə də hər bir rayonun ənənəvi sahələri var və biz də aqrar sahəni bu istiqamətdə qurmalı və inkişaf etdirməliyik. Lənkəran subtropik zona olduğundan daha yüksək sortlu sitrus meyvələri yetişdirməli, çayçılığın sürətli inkişafına nail olmalıyıq. Bununla əlaqədar təbliğat işlərinə geniş yer verilməlidir. May ayında rayonumuzda "Çay bayramı"nın yüksək səviyyədə keçirilməsinin zəruriliyini vurğulayan İcra başçısı sonda qarşıdan gələn Novruz bayramı ilə əlaqədar strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Şura iclasında müzakirə olunan hər iki məsələ ilə bağlı qərar qəbul edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə