Nazirin çıxışı sərt oldu

Nəqliyyat Nazirliyində avtomobil yolları layihələrinin icra vəziyyəti ilə bağlı kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, kollegiyada çıxış edən nazir Ziya Məmmədov bütövlükdə nəqliyyat sektorunda həyata keçirilən bu tədbirlərin ümumi istifadədə olan avtomobil yolları sahəsini daha geniş əhatə etdiyini, mühüm sosial və iqtisadi əhəmiyyət daşıyan avtomobil yolları şəbəkəsində genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını vurğulayıb.

Müzakirələrdə Z.Məmmədov avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərə, eyni zamanda bu sahədəki çatışmazlıqlara toxunaraq bunların ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlı olduğunu bildirib.

Nazir bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarəedilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Yol İstismar İdarələri tərəfindən avtomobil yollarının və yol qurğularının cari saxlanış vəziyyətinin lazımi səviyyədə təmin olunmadığını vurğulayan kollegiya sədri infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün ciddi tapşırıqlar verib.

Dövlət proqramları və tədbirlər planlarında yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, o cümlədən Bakıda müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin inkişafı, həmçinin yol nişanlarının quraşdırılması və onlara xidmət göstərilməsi, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini qeyd edən nazir bir sıra obyektlərdə görülən işlərin keyfiyyətinin onu qane etmədiyini söyləyib.

Z.Məmmədov qeyd olunan sahələrdə təsirli tədbirlər görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini "Azəryolservis" ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb edib.

Müzakirə olunan məsələ ilə bağlı kollegiyada müvafiq qərarlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə