Meşələrimizə 100 min manatdan çox ziyan dəyib

Meşələrimizə 100 min manatdan çox ziyan dəyib

Ötən il 10528 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3078 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində meşə əkinlərinin becərilməsi məqsədilə 35692,1 hektar sahədə xidmət, 35969 hektar sahədə suvarma işləri aparılıb. Müxtəlif ağac və kol cinslərindən 179854 kq toxum tədarük edilib. Həmçinin tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 82,62 hektar sahədə toxum səpilib, böyütmə şöbələrində 74,9 hektar sahədə 2936 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 16,3 hektar sahədə 757 min ədəd çilik basdırılıb.

Respublikanın meşə mühafizə işçiləri tərəfindən ötən il 147632 manat dəyərində 22323 m³ həcmində qanunsuz qırıntı aktlaşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Hesablanmış ziyanın 108216 manatının ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 215 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olaraq bir sıra qabaqlayıcı zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi meşə yanğınları baş verməyib. Belə ki, ötən il ərzində ümumilikdə 9,97 hektar sahədə meşə yanğını hadisəsi baş versə də, meşə fonduna əsaslı ziyan dəyməyib.

Gülxar

Publika.az

Bütün xəbərlər Facebook səhifəmizdə