"Azərbaycan öz taxıl ehtiyacını ödəməyə hazırdır"

"Azərbaycan öz taxıl ehtiyacını ödəməyə hazırdır"

"Qloballaşan dünyanın vacib problemləri sırasında artıq təhlükəlilik dərəcəsinə görə ərzaq və su çatışmazlığı problemi çox ciddidir. Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi Azərbaycanın təbii enerji resursları ilə yanaşı hələ uzun müddət regionda lider ölkə mövqeyini təmin edə bilər". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına müsahibəsi zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov deyib.

O bildirib ki, bütövlükdə təhlükəsizlik sahəsində dövlət fəaliyyətinin hüquqi əsasını müvafiq qanunvericilik aktları təşkil edir: "Azərbaycanda bilavasitə əhalinin etibarlı ərzaq təminatı ilə bağlı olaraq "Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi barədə" prezidentin Sərəncamını xüsusi qeyd etmək olar. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artması və bununla da ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradıb. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir".

T. Süleymanov onu da vurğulayıb ki, 2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: "Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Bu proqramda nəzərdə tutulan taxıl, xüsusilə buğda istehsalının, üzümçülüyün, meyvəçiliyin və digər məhsulların inkişafının dəstəklənməsi, cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və "Aqroferma"ların yaradılmasının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi də kənd təsərrüfatında nəzərdə tutulan başlıca layihələrdən hesab olunur. Fikrimcə, qarşıdakı dövrdə bu proqramların göstərəcəyi effekt daha qabarıq hiss olunacaq".

Bu gün ölkəmizdə demək olar ki, ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı bütün problemlərin öz həllini tapdığını deyən komitə üzvü: "Artıq Azərbaycan öz taxıl ehtiyacını ödəməyə demək olar ki, hazırdır. Dövlət Taxıl Fondunun yaradılması respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu gün sevindirici haldır ki, Azərbaycan ətçilik və taxılçılıq üzrə 80 faiz öz tələbatını ödəyə bilir. Meyvə-tərəvəz məhsulları ilə özümüzü təmin edirik",- deyə əlavə edib.

O həmçinin qeyd edib ki, Azərbaycanda həyata keçirilən aqrar islahatların nəticəsində kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunub, kiçik və orta sahibkarlığın inkişafına yaradılan şərait olduqca yüksək səviyyəyə çatıb, aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənib: "Bununla yanaşı, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artırılıb, qəbul edilən qanunlar, dövlət proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatının bütün sahələrinin paralel inkişafına yol açıb. Bu mənada parlamentin Aqrar siyasət komitəsi də öz üzərinə düşən məsuliyyəti dərk edir və qanunlarımızın daha təkmil bir forma alması üçün öz gücünü səfərbər edir. Düşünürəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması nəticəsində də aqrar sektorun əhəmiyyətli tərəqqisi müşahidə olunacaq. Əlbəttə ki, bu gün qəbul olunan qanunlar da həmin inkişafın labüdləşdirilməsində mühüm rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə