Nazirlik satış yarmarkası keçirəcək

Nazirlik satış yarmarkası keçirəcək

Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, istehlakçılar bu yarmarkalarda ərzaq və kənd təsərrüfatı mallarını bazarlarla müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər. Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini daha da gücləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə