Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyur

Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyur

Kənd təsərrüfatı naziri İsmət Abasov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Fəhəd bin Əli əl Dosəri ilə görüşüb. Görüşdə məqsəd hər iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin və perspektivlərinin müzakirəsi olub.

İsmət Abasov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini daha da məqsədəuyğun hesab edib. Nazir görüşdə iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması, Səudiyyə Ərəbistanında yetişdirilən yüksək məhsuldar, xəstəlik və ziyanvericilərə davamlı taxıl toxumlarının ölkəmizdə rayonlaşdırılması və müvafiq seleksiya işlərinin aparılması, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində təcrübə mübadiləsi və bir neçə bu kimi təkliflər irəli sürüb. İsmət Abasov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olmasını diqqətə çatdırıb.

Keçirilən görüşdə Azərbaycanda iri südçülük təsərrüfatlarının yaradılmasına Səudiyyə Ərəbistanın iş adamlarının investisiya qoyuluşu imkanları müzakirə olunub və Səfir bu istiqamətdə artıq müəyyən əlaqələrin yarandığını bildirib.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Fəhəd bin Əli əl Dosəri səmimi qəbula görə öz minnətdarlığını bildirərək, fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə