Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, İKT, mebel istehsalı, mədəniyyət, turizm, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib. Biznes forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, İtaliyalı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldin çıxışlarında iki ölkə arasındakı əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat veriblər. İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri Manuela Traldin, İtaliya Ticarət Komissiyasının Bakı nümayəndəsi Ferdinand Pastor ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, iş adamları arasındakı əməkdaşlıq və perspektiv sahələr barədə danışıblar. Biznes forumda Azərbaycanın biznes və investisiya imkanlarına, İtaliyanın iqtisadiyyatına və investisiya imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib. Tədbir çərçivəsində AZPROMO ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, həmçinin Azərbaycanın "ASPİ Holdinq" şirkəti ilə İtaliyanın "Usque ad Finem" şirkəti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB