“Yaşıl İqtisadiyyat”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və UNEP-in birgə təşkilatçılığı ilə "Yaşıl İqtisadiyyat" mövzusunda Dəyirmi Masa keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, BMT Ətraf Mühit Proqramının Regional direktoru Jan Dusik, BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Broek, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edib.

Hüseynqulu Bağırov ümumiyyətlə dünyada bu problemin qlobal olduğunu və Azərbaycanda isə bu qloballığın yeni müstəqilliyə qovuşmasi ilə əlaqələndirib: "Yeni müstəqil olmağımıza baxmayaraq artıq Azərbaycan da bu siyasətə və proqrama qoşulub. Azərbaycan müstəqil olduqdan sonra onun iqtisadiyyatı 6 dəfə böyüyüb inkişaf edib. Ətraf mühitə atılan sənaye tullantıları isə 2 dəfə azalıb. Əgər 1994-cü ildə ətraf mühitə 74 milyon ton karbon birləşmələri tullantı şəklində atılırdısa, bu gün bu tullantılar 42 milyondur. Son 7 ildə ölkəmizdə 8 milli park istifadəyə verilib".

BMT-nin ətraf mühitin təmizlənməsi üçün bir çox tədbirlər həyata keçirdiyini deyən Jan Dusik bildirib ki, Yaşıl iqtisadiyyat proqramı da təşkilatin diqqətindədir. Rəsmi deyib ki, bu proqram təkcə ideoloji deyil, bu həm də ətraf mühitin müsbət istiqamətdə inkişaf etməsi üçün bir imkandır.

Fərhad Məmmədov qeyd edib ki, bu tədbir və diskusiyalar ətraf mühitin gələcəyi üçün səmərəli olacaq. Gələn il üçün SAM bu istiqamətlərdə yeni araşdırmaların keçirilməsini nəzərdə tutub: "Azərbaycan gələcək 10 -20 ili üçün planlar qura bilirsə bu onun maddi və digər sahələrdə olan inkişafından xəbər verir və bu sahədə dünyada nadir ölkələrdən biri olduğunu nümayiş etdirir. Fikrimcə, gələcəkdə də Azərbaycan öz iqtisadiyyatını Avropa iqtisadiyyatına inteqrasiya etdirən zaman "yaşıl" düşünəcək".

Dəyirmi masada "Yaşıl İqtisadiyyat: Strateji baxış və siyasət paneli çərçivəsində "Yaşıl İqtisadiyyat: İnkişaf zərurəti", "Yaşıl iqtisadiyyat mövzusunda tədqiqatın təqdimatı", "Azərbaycan da yaşıl iqtisadiyyata keçir", "Yaşıl inkişafda gənclərin rolu", "Tullantıların idarə olunması və yaşıl iqtisadiyyatın inkişafı", "Yaşıl bələdiyyə təşəbbüsləri" mövzularında məruzələr dinlənilib. Daha sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə