"Texniki qurğularımız təhlükəsiz hərəkəti təmin etməyə qadirdir"

"Texniki qurğularımız təhlükəsiz hərəkəti təmin etməyə qadirdir"

"Vaqon parkımızdakı 266 vaqonun hamısı bu gün daşıma həcminin tələblərini yerinə yetirmək iqtidarındadır. Yollarımız, tunellərimiz və oradakı bütün texniki qurğular təhlükəsiz hərəkəti təmin etməyə qadirdir". SİA-nın məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 8 noyabr - Metropoliten işçilərinin peşə bayramı münasibətilə metro işçilərinə müraciətində deyib.

Onun sözlərinə görə, bu gün Bakı metropoliteni hərəkətin təşkilində, yolların, tunellərin və mühəndis-texniki qurğuların istismarında tətbiq edilən ən müasir texnologiyalara görə MDB məkanının öncül metropolitenləri sırasındadır.

Tağı Əhmədov bildirib ki, metronun növbəti 20 ildə inkişafı planı çərçivəsində yolların uzunluğu 119 km-ə, stansiyalarımızın sayı 76-ya çatacaq: "Artıq gələn il biz metromuzun III xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik. "Dərnəgül" deposunun işə düşməsi vaqon təmiri bazamızın genişlənməsi, texniki imkanlarının daha da artması deməkdir. O depo metromuzda ilk dəfə vaqonların əsaslı təmir işlərinin təşkilinə imkan verəcək. Təmir prosesinin bir çox növləri mənimsəniləcək, tətbiq olunan texniki proseslərdə daha yüksək nəticələr əldə etmək imkanı yaranacaq".

Qeyd edək ki, Tağı Əhmədovun müraciəti bu gün Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə