İnternetin inanılmaz sürəti

"Azərbaycanda optik kabellərin çəkilişi ilə bağlı yeni investisiya layihəsi üzərində iş aparılır. Bu layihənin ölkədə tətbiqi 3 il nəzərdə tutulur. Evlərə optik kabellərin çəkilişi planlaşdırılır. Bu iş başa çatdırıldıqdan sonra regionlarda internetin sürəti 10-12 meqabit, Bakıda isə 30 meqabitdən çox olacaq". SİA-nın məlumatına görə, bu sözləri İnternet İdarəçiliyi Forumu mövzusunda keçirilən Milli Konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev çxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə İKT sektoru 6 dəfə inkişaf edib: "Bu sektorda məhsul istehsalı isə 5 dəfə artıb. Beynəlxalq Kommunikasiya Təşkilatının hesabatlarında da Azərbaycanın adı İKT- üzrə ən çox inkişaf edən ölkələr arasında göstərilir. Son illərdə mobil sektorda da inkişaf nəzərə çarpır. Hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. 4G-nin tətbiqi üzərində işlər sürətlə aparılır. Dövlət orqanlarının elektron xidmətdən istifadəsi artıb. Nazirlər Kabinetinin son məlumatına görə, hazırda 42 dövlət orqanı tərəfindən 420 elektron xidmət göstərilir".

İ.Əliyev onu da əlavə edib ki, Azərbaycanda İKT sahəsində müəyyən qədər problemlər də mövcuddur: "Bunlar əsasən kənd yerlərində yüksək sürətli internetin çatışmaması ilə bağlıdır. Hazırda regionların 35 faizində yüksək sürətli internet xidməti göstərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə