Bakıda İnternet İdarəçiliyi Forumu keçiriləcək FOTO

Bakıda İnternet İdarəçiliyi Forumu keçiriləcək FOTO

Bu gün İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz bildirib ki, əsas məqsəd 6-9 noyabrda Bakıda keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi forumu (İGF/Internet Governance Forum) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı müzakirələr aparmaqdır.

Onun sözlərinə görə, bugünkü konfrans İREX Azərbaycan tərəfindən dəstəklənir: "İnternetə əlçatımlıq, onlayn şəffaflıq və informasiya təhlükəsizliyi Azərbaycan İnterneti üçün daha aktual olduğu üçün bu istiqamətdə ciddi müzakirələrin aparılması vacibdir. Buna görə də AİF forum ərəfəsində Milli Konfransın keçirilməsinin Azərbaycan İnternetinin inkişafı istiqamətində bütün maraqlı tərəflərin səylərinin gücləndirilməsi üçün bir təkan olacağını düşünür".

Məlumat üçün bildirək ki, tədbirdə Azərbaycanda İnternetin inkişafı üçün zəruri olan məsələlərin müəyyən edilməsi və həlli yolları ətrafında müzakirələr edilib. Konfrans İnternet idarəçiliyi, İnformasiya təhlükəsizliyi və yeni media mövzuları üzrə üç sessiyadan ibarət olub. Dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən ekspertlər və mütəxəssislər müxtəlif sessiyalarda çıxışlar edib.

Qeyd edək ki, hər il keçirilən forumun builki iclası "Baku Expo Center"də baş tutacaq. Forumun gündəliyində duran əsas məsələ "İnkişaf naminə internet idarəçiliyi (IG4D)" ilə bağlıdır. Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edəcək, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirəcək, internetin idarəçiliyi məsələsinin milli və beynəlxalq səviyyədə inkişaf yanaşmaları ilə uzlaşdırma yollarını araşdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə