Beynəlxalq əmanət günü

Bu gün Mərkəzi Bank, Dəmir Bank, Bank Respublika, Unibank, Access Bankın və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyilə "Beynəlxalq əmanət günü" qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun nümayəndəsi Henning Seemann və digər adı çəkilən bankların nümayəndələri iştirak edib.

Natəvan Məmmədova bildirib ki, Beynəlxalq Əmanət günü 1991-ci ildə bir çox ölkələrdə qeyd olunur: "Azərbaycanda əhalinin maliyyə savadlılığının artırılmasına ehtiyac var. Bu məqsədlə də Mərkəzi Bank bir çox tədbirlər təşkil edir. Beynəlxalq əmanət günün qeyd olunması da bu tədbirlərdən biridir. Bank tərəfindən oktyabr ayının 31-dən noyabr ayının 8-nə qədər əmanət həftəsi elan olunub. Tədbirin keçirilməsində məqsədimiz uşaqlara da maliyyə anlayışını aşılamaq, onlarda maliyyə savadlılığını artırmaqdır".

Natəvan Məmmədova keçirilən tədbirlə əlaqədar məlumat kitabçalarının, çantaların və videoçarxın hazırlandığını və bu vəsaitlərlə uşaqlarda maliyyə sektoruna həvəsin artacağını vurğulayıb.

Fondun nümayəndəsi Henning Seemann Əmanət gününün bir çox ölkələrdə qeyd olunduğunu və bunun Azərbaycanda da təşkil olunmasının önəmliliyindən danışıb: "Qənaət etmək və əmanətlər əldə etmək maliyyə müstəqilliyilə yanaşı həm də ölkənin iqtisadiyyatının güclənməsinə yardım etmək deməkdir. Almaniyada 200 ildir ki Əmanət Kasaları Fondu fəaliyyət göstərir və bu ölkənin iqtisadiyyatına təkan verir. Azərbaycanda da bu prosesin başlanmasına ehtiyac var".

Daha sonra tədbirdə Beynəlxalq əmanət günü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə