"Tarifləri aşağı salmaq istəyirsinizsə, vergiləri aşağı salın"
Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili ölkədə elektrik enerjisi və qaz tariflərinin aşağı salınacağına söz verib. Gürcüstan mətbuatının məlumatına görə, Gürcüstan parlamentində çıxışı zamanı İvanişvili deyib ki, onun komandası tarif siyasətinə yenidən baxmaq üzərində işləyir. "Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır. Kommersiya qiymətləri ilə hansı miqdarda qaz aldığı da məlumdur. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanda neft məhsullarının topdan və pərakəndə satışını, habelə qaz təminatını böyük ölçüdə Azərbaycan Dövlət Neft Şirkəti həyata keçirir. ARDNŞ qonşu ölkədə "SOCAR Energy Georgia" şirkəti ilə təmsil olunur. Şirkət bu vaxta qədər Gürcüstanda 100-dən çox yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Hər il Gürcüstana 2 milyon tona yaxın neft və neft məhsulları daşıyır. Dizel və təyyarə yanacağının illik həcmi isə təxminən 200 milyon tondur. Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkəyə qoyduğu investisiyaların həcmi ilbəil artır. Bu səbəbdən müşahidəçilər hesab edir ki, Gürcüstanda yeni hakmiyyət Azərbaycanla əməkdaşlıqda maraqlı olmalı və bu imkanlarından daha səmərəli istifadəyə çalışmalıdır.
Siyasi şərhçi Aydın Mirzəzadə məsələ ilə bağlı bunları deyib: "Gürcüstanın büdcəsi 4-5 milyard dollardır. Demək olar ki, büdcənin yarısı Azərbaycanla neft-qaz əməkdaşlığından formalaşır. Biz onların xeyrinə bir çox güzəştlər etmişik. Azərbaycanın iştirak etdiyi bütün neft-qaz kəmərləri Gürcüstanın ərazisindən keçir. Azərbaycan Gürcüstana dəfələrlə enerji sahəsində yardım göstərib".
Bəzi gürcü KİV-lərində ölkənin hazırki baş nazirinin adından yayılan məlumatlara Dövlət Neft Şirkətinin mövqeyi birmənalı olub. Şirkətdən ANS-ə verilən məlumata görə, Gürcüstan Azərbaycanın strateji və əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır: "SOCAR bu ölkədə fəaliyyətini təmamilə şəffaf və dürüst şəkildə quran və investisiya qoyan ən iri şirkətlərdən biridir. Tariflərin süni şəkildə artırılmasına gəldikdə isə bu iddialar tamamilə əsassızdır. Tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun qurulur. Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB