"Bütövlükdə bayramlar ərəfəsində Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətinin artması müşahidə olunur. Bu da istehlak bazarının tənzimlənməsi qaydalarına, eləcə də qanunlarımıza ziddir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.
O bildirib ki, bayramlar mövsümündə müxtəlif ərzaq məhsullarına tələbatın artması bazarda iş adamlarının həmin məhsulların qiymətlərinin artırması ilə nəticələnir. V.Bayramlının sözlərinə görə, Müqəddəs Qurban bayramı ilə əlaqədar ət məhsullarına, xüsusən də qoyun ətinə tələbat artıb.
"Bazarın monitorinqi göstərir ki, bayramla bağlı olaraq ət məhsullarına tələbatın artması bir sıra iş adamlarını qiymətləri süni olaraq artırmağa sövq edib. Faktiki olaraq bayramdan istifadə edib qiymətləri artıranların əsas məqsədi daha çox gəlir əldə etməkdir. Bu suni qiymət artımıdır. Azərbaycan qanunvericiliyi bayramlar, eləcə də digər əlamətdar günlərdə, məhsullara tələbatın artdığı dövrdə qiymətləri artırmağı qadağan edir. Bütün hallarda, əgər bayram mövsümü ilə qiymət artımı baş veribsə, bu süni qiymət artımlarıdır. Bu istehlak bazarı, eləcə də Azərbaycan qanunvericiliyində diktə etdiyi qiymət artımı deyil. Bu baxımdan Qurban bayramında qiymət artımlarının qarşısının alınması birmənalı şəkildə süni qiymət artırmaya qarşı mübarizə tədbiri kimi reallaşmalıdır. Çünki nəzərə alsaq ki, hazırda İqtisadi İnkişaf Nazirliyi qiymət artımı ilə bağlı qurban qoyunlarının satılacağı xüsusi yerlərə nəzarəti gücləndirib. İnanırıq ki, bu da qiymət artımının qarşısını alar. Bütün hallarda istehlak bazarında müəyyən qiymət artımları müşahidə olunur. Güman olunur ki, bu artımlar Qurban bayramınadək davam edəcək. Daha sonra isə ət məhsullarının qiymətinin yenidən stabilləşməsi proqnozlaşdırılır", - deyə ekspert əlavə edib.
V.Bayramlı bildirib ki, bu məsələdə yalnız dövlətin deyil, eləcə də iş adamlarının xoş niyyəti ortada olmalıdır. İş adamları da çalışmalıdırlar ki, Qurban bayramında qiymət artımlarına getməsinlər: "Çünki, bu sadəcə dövlətin inzibati müdaxiləsi hesabına baş verməməlidir. Eyni zamanda, məhz bu məhsulların satışı ilə məşğul olanlar çalışmalıdırlar ki, ölkə vətəndaşları bu bayramda qurbanlıq alıb kəsə bilsinlər. Bunun üçün əsas səbəb qiymətlərin vətəndaşlar üçün normal olması və qiymət artımına yol verilməməsidir. Bu baxımdan prosesdə dövlətin rolu ilə yanaşı, həmin işə məsul olan iş adamlarınında rolunu qeyd etmək lazımdır. Təbii ki, psixoloji olaraq onlar da qəbul etməlidirlər ki, qiymət artımlarına getməmək onların vətəndaş kimi borcudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB