865.000 manatlıq layihə

Bu gün "Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək" adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən DTXK-nin sədri Qərib Məmmədov bildirib ki, bu dövlətlərin torpaq kadastrı, qiymətləndirmə və torpaq resurslarının idarə olunması sahəsində olan çoxillik təcrübələri layihənin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Tvinninq layihəsi barədə məlumat verən Komitə rəhbəri vurğulayıb ki, Tvinninq Avropa İttifaqının təşəbbüsü ilə 1998-ci ildən Avropa İttifaqının genişləndirilməsi məqsədilə fəaliyyətə başlayıb və hazırda namizəd olan ölkələrin inzibati və hüquqi potensialının gücləndirilməsinə kömək məqsədilə yaradılan alətdir: "Cari ilin mart ayından Azərbaycanda Tvinninqin başlanması istiqamətində müvafiq tədbirlər görülüb. 2011-ci ilin yanvar ayında Azərbaycanda 7 Tvinninq layihəsi həyata keçirilib və 8 layihə üzrə isə işlər müqavilələrin hazırlanması mərhələsindədir".

"Avropa İttifaqı tərəfindən maliyyələşən 18 aylıq bu Tvinninq layihəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, İsveçin Lantmeteriet və Latviyanın Dövlət Torpaq Xidməti ilə birgə həyata keçiriləcək. Təxminən 865.000 manat dəyəri olan Tvinninq layihəsi çərçivəsində üç komponent üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub",- deyə o əlavə edib.

Qərib Məmmədov onu da deyib ki, Tvinninq layihəsinin başlanması üçün Avropa İttifaqına üzv ölkələrdən olan İsveç və Latviya kimi bu sahədə təcrübəli ölkələrin dəstəyi, layihənin uğurla başa çatdırılmasında əminlik hissi yaradır: "İsveçdən layihəni Lantmeteriet, Latviyadan isə layihəni tərəfdaş kimi Latviya Dövlət Torpaq Xidməti yerinə yetirəcək. Azərbaycan tərəfindən isə məlum olduğu kimi layihəni Komitəmiz həyata keçirəcək. Tvinninq layihəsinin uğurla həyata keçirilməsinə qurumumuzun texniki dəstəyi və nəzarəti altında respublikanın xüsusi seçilən ərazilərində 37 ədəd Peyk Geodeziya Stansiyalarının qurulması da öz töhfəsini verəcək".

Komitə sədrinin çıxışından sonra tədbirdə iştirak edən Avropa Birliyinin nümayəndələri də layihə ilə əlaqədar öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, tədbirdə Tvinninq layihəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə reallaşdıracaq Latviya və İsveçdən olan qonaqlar, müvafiq qurumların rəhbərləri, həmçinin həmin ölkələrin Azərbaycandakı səfirləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə