9 ayı ərzində həyata keçirilən işlər və qarşıda duran vəzifələr
Əmlak Məsələləri Dövlət Komitəsində 2012-ci ilin 9 ayı ərzində həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Komitədən SİA-ya verilən məlumata görə, iclası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.
Bu tədbirlərin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, onun qorunub saxlanılması, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün özəlləşdirilən istehsal və emal yönümlü dövlət müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılmasına yönəldilib.
Tədbirdə həmçinin bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət proseslərində, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində səmərəli nəticələrin əldə edilməsi, qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması, korrupsiya hallarının qarşısının alınması məsələlər diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanın icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilib. Belə ki, artıq komitə tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək elektron xidmətlər tətbiq edilir. Yaxın zamanlarda komitə tərəfindən göstəriləcək elektron xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.
Həmçinin qeyd olunub ki, ötən il dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir.
İclasda komitənin digər fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin müəyyən edilmiş fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb. Hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20 normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanıb.
İclasda qeyd edilib ki, 2012-ci ilin 9 ayında ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 600-ə yaxın müəssisə və obyekt özəlləşdirilıb. 2012-ci ilin yanvar-iyun aylarında 370-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilıb.
Səhmlərin satışı üzrə keçirilmiş 50-ə yaxın pul və ixtisaslaşdırılmış pul hərracında 30-a yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.
Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilib.
2012-ci ilin 9 ayı ərzində respublika üzrə 114 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bunlardan 33 minə yaxını ilkin, 81 mindən çoxu isə təkrar qeydiyyat olub.
Bunula yanaşı hesabat müddətində 25 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 84 min məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 21 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.
2012-ci ilin 9 ayı ərzində 107 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport tərtib edilib.
Ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması istiqamətində "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi" Layihəsi başa çatmaq üzrədir. "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" işlərinə başlanılıb.
Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir, 2013-cü ilin yanvarın 1-dən ünvanlar yeni qaydalara əsasən veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.
Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər davam etdirilib.
Azərbaycan Respublikasının ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində işlər görülüb.
İclasda qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Bakı şəhərində "Heydər Əliyev Mərkəzi"nin və müasir konsert kompleksinin tikintisi uğurla başa çatdırılıb.
2012-ci ilin 9 ayı ərzində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər dövlətlərin aidiyyəti qurumları ilə o cümlədən Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, Norveç Kadastr Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), USAİD, Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, Evrogeorafiks, Avropa İttifaqının Tvinninq və TAİEX təşkilatları ilə əməkdaşlıq həyata keçirilib.
Hesabat müddətində Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində tədbirlər, o cümədən qeydiyyat və kadastr üzrə yeni İT sisteminin hazırlanması ilə bağlı işlər davam etdirilib.
Müşavirənin sonunda komitə sədri tərəfindən bir sıra tapşırıqlar verildi. Belə ki, fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi zəruriliyi qeyd edildi.
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflıqın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirildi.
Bununla yanaşı Komitənin informasiya texnologiyaları sistemlərinin imkanlarının artırılması, informasiyaların qorunması və təhlükəsizlıiyinin təmin edilməsi ilə bağlı da müvafiq tapşırıqlar verildi.
Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanılması, habelə zəbtolunma hallarının qarşısının alınması sahəsində həyata keçirilən işlərin daha da gücləndirilməsi, bu istiqamətdə bilavasitə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırıqlarını verdi.
Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların və sənədləşdirilmələrin nəzarətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının nəzarətdə saxlanılması bildirilıb.
Bunlarla yanaşı daşınmaz əmlakın vahid kadastrının tərtibi ilə bağlı Bakı və Sumqayıtda həyata keçirilən kadastr layihələrinin başa çatdırılması, Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı Norveç layihəsinin icrasının nəzarətdə saxlanılması tapşırıqları verildi.
Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB