Xarici şirkətlər Azərbaycanda nə qədər qazanıb?

Xarici şirkətlər Azərbaycanda nə qədər qazanıb?

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunan iclasında Azərbaycanda neft hasilatında tənəzzülün səbəbkarı kimi bp şirkəti göstərilib. Dövlət başçısı bəyan edib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. O qeyd edib ki, 2008 -ci ildən etibarən konsorsiumun "Azəri", "Çıraq" yataqlarında neft hasilatı ilə verdyi proqnozlar yerinə yetirilməyib və neft hasilatı verilən proqnozlardan 16-17 milyon ton az olub. Nəticədə isə dövlət büdcəsi 8,1 milyard dollar gəlirdən məhrum olub.

"bp-Azərbaycan" şirkəti isə bəyan edib ki, şirkət Azərbaycana tam sadiqdir və "Azəri-Çıraq-Günəşli" yatağından olan hasilatla bağlı məsələnin mümkün qədər tez bir zamanda həll edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyir.

Öz növbəsində mütəxəssislər düşünür ki, Azərbaycanda fəaliyyət göstərən transmilli korporasiyalar ötən dövr ərzində istənilən qədər gəlir əldə ediblər. Və hasilatın pay bölgüsü üzrə kontrakt şərtlərinin yerinə yetirilməsi həmin şirkətə qarşı müxtəlif iqtisadi vasitələrdən istifadə oluna bilər. Məsələn, millət vəkili Vahid Əhmədov hesab edir ki, onları həmin nefti çıxarıb Azərbaycana verməyə vadar etmək lazımdır: "Əlavə investisiya qoymaq lazımdırsa qoyulmalıdır, çünki müştəridən artıq gəlir götürüblər".

Millət vəkili Zahid Oruc isə qeyd edib ki, 28 milyard dollar qoyulmuş investisiya fonunda 73 milyard dollara qədər gəlir və onun əsasən 45 milyardı bilavasitə fayda şəklində götürülüb: "Bu o deməkdir ki, Azərbaycan onların maraqları çərçivəsində ən mühüm partnyorlardan biri olmalıdır və var. Hər bir ölkənin parlamentindən keçmiş və beynəlxalq hüquq səviyyəsində təsbit olunmuş öhdəliklərin, müqavilərin şərtlərini ən yüksək səviyyədə yerinə yetirilməsi gərəkdir".

Qeyd edək ki, prezident İlham Əliyev məsələnin rəsmi qaydada qaldırılması və lazımi tədbirlər görülməsi üçün Dövlət Neft Şirkətinə tapşırıq verildiyini deyib. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə