“Azərbaycan MDB məkanında ən yaxşı göstəricilərə malik ölkədir" MÜSAHİBƏ
İqtisadçı-ekspert Vüqar Bayramlının SİA-ya müsahibəsi
- Siz iqtisadçı-ekspert olaraq, cari ilin doqquz ayının sosial-iqtisadi nəticələrini necə qiymətləndirirsiniz və bunları necə şərh edərdiniz?
- 2012-ci ilin doqquz ayının nəticələri müsbət qiymətləndirilməlidir. Nəzər almaq lazımdır ki, doqquz ayın yekunlarında həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunda artım müşahidə edlib. 2012-ci ilin yalnız makroiqtisadi göstəricilərinə deyil, eyni zamanda digər sosial göstəricilərə də diqqət yetirsək, hər bir göstərici üzrə artımların olması müşahidə edərik. 2012-ci ilin ən müsbət və diqqətçəkən məqamlarından biri məhz qeyri-neft sektorunda artımın müşahidə edilməsi və iki rəqəmli olmasıdır. 2012-ci ilin 9 ayı ərzində qeyri-neft sektorunda 10,3% artım müşahidə edilib. Praktiki olaraq doqquz ay ərzində qeyri-neft sektorunda artım iki rəqəmlə ifadə olunub ki, bu da onun ÜDM-dəki payının artması deməkdir. 2011-ci ilin yekunlarına görə, Azərbaycanda qeyri-neft sektoru 11,9% artmışdı ki, bu da qeyri-neft sektoru ilə neft sektoru arasındakı balansın yaranmasına, eləcə də dövlət gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artmasına gətirib çıxarır.
2012-ci ilin doqquz ayının nəticələrində Azərbaycanda dövlət rezervlərinin 9 milyona çatması faktiki olaraq o deməkdir ki, son doqquz ayda dövlət rezervləri 5 milyard dollar artıb. Onların ÜDM-dəki payı artıq 75%-dən artıqdır. Bu da Azərbaycan iqtisadiyyatının xaricdə baş verəcək böhranlardan sığortalanmasına imkan verir.
Eləcə də doqquz ayın yekunlarında diqqəti çəkən məsələ Azərbaycanın xarici borcunun ÜDM-dəki payına nisbətdə az olmasıdır. Bu rəqəm cəmi 6 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan xarici borcdan praktiki olaraq asılı deyil. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanda xarici borcun ÜDM-dəki payı 60 faiz, Rusiyada 37%, Gürcüstanda 65%, Qazaxıstanda 28%-dir. Bu isə ondan xəbər verir ki, dövlət rezervinin və xarici borcların ÜDM-dəki faizinə görə, Azərbaycan MDB məkanında ən yaxşı göstəricilərə malik ölkədir.
- Cari ilin nəticələrinə əsasən, sosial sferada hansı nailiyyətləri görmək olar?
- Doqquz ay ərzində ölkənin sosial sferasında da artımlar müşahidə edilib. Belə ki, doqquz ayın yekunlarına görə, əhalini gəlirləri 12% artıb. Bu da orta aylıq əmək haqqının 500 manata qədər yüksəlməsinə gətirib çıxarıb. Orta aylıq məbləğin həcminə görə isə Azərbaycan artıq MDB ölkələrində ilk üçlüyə daxil olub. 2012-ci il makroiqtisadi göstəricilərlə yanaşı, sosial göstəricilərin artımı ilə yadda qalıb. Bu da sosial proqramlarda, ayrılan vəsait və dövlət proqramlarında, əmək haqları, pensiyaların artımında öz əksini tapır. Bütövlükdə 2012-ci ilin doqquz ayını qiymətləndirsək, ona pozitiv qiymət vermək lazımdır. Qeyri-neft sektorunun inkişafı nəticəsində Azərbaycanda iqtisadiyyatın şaxələnməsinin müşahidə olunması və bunun nəticəsində praktik olaraq ölkədə iqtisadiyyatın dayanıqlı inkişafa nail olması istiqamətdə addımalrın atılmasını göstərməkdədir. Bütün hallarda qeyri-neft sektorunun payının artması birmənalı şəkildə prioritet məsələlərdəndir. 2012-ci ilin doqquz ayı göstərir ki, artıq prioritetə çatmaq istiqamətində addımlar atılmaqdadır.
- Ötən gün Nazirlər Kabinetinin iclasında prezidetn İlham Əliyev bp şirkətinin işinə məsuliyyətsiz yanaşdığını söylədi. Sizin fikrinizcə, bp-nin neft hasilatının azaldılması nəyə hesablanıb?
- Bütövlükdə 2010-cu ildən başlayaraq Azərbaycanda neft hasilatında azalmalar müşahidə olunur. 2010-cu ildə Azərbaycanda neft hasilatı 51 milyon ton olsa da, 2011-ci ildə bu rəqəm 46 milyon tona qədər azalıb. 2012-ci ildə 44 milton neftin hasil edilməsi gözlənilir. Praktiki olaraq 2012-ci ildə neft hasilatı 2010-cu illə müqayisədə 7 milyon ton azdır. Neft hasilatının az olmasının əsas səbəblərindən biri xarici şirkətlərin, eləcə də bp-nin neft hasilatını azaltması ilə bağlıdır. Hasilatın pay bölgüsünə əsasən bu məsələ razılaşdırılıb və xarici şirkətlər hər hansı bir texniki səbəb olmadan neft hasilatının azalmasını həyata keçirməməlidir. Eyni zamanda, hasilatın pay bölgüsü, "Əsrin müqaviləsi"nə əsasən bu azlatmalar və eləcə də neft hasilatında dəyişikliklərdə bötüvlükdə öhdəliklərin razılaşdırılmış şəkildə icra edilməsinə ehtiyac var. Çox təəssüf ki, neft hasilatının azaldılması birmənalı şəkildə Azərbaycanın neft satışından əldə edilən gəlirlərə təsir göstərir. 2011-2012-ci ildə dünya bazarında neftin qiyməti kifayət qədər yüksək olub. Hazırda Azərbaycan neftinin 1 bareli dünya bazarında 120 dollara satılır ki, bu da çox böyük rəqəmdir. O baxımdan neftin qiymətinin yüksək olduğu dövrdə ölkələr çalışır ki, daha çox neft hasil etsin və dünya bazarına daha çox neft çıxarsın. Belə olan halda bp-nin neft hasilatının azaldılması ilə bağlı qərar verməsi 2011-ci ildən başlayaraq neft hasilatnın azaldılması iqtisadi baxımdan izah edilə bilməz. Çünki bütün hallarda neft hasilatının azaldılması ilə bağlı texniki, eləcə də digər iqtisadi arqumentlər rol oynayır. Nəzərə alsaq ki, 2011-2012-ci ildə neft hasilatının azaldılması bp tərəfindən bəzi yataqlarda yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqələndirilsə də il ərzində hansısı işlərin aparılması texniki baxımından izah edilə bilməyib. Ona görə də bp-nin neft hasilatının azaldılması hasilatın pay bölgüsü prinsiplərinə ziddir, bp birmənalı şəkildə hasilatın yenidən baxılması və pay bölgüsünə uyğun olaraq həyata keçirilməsini reallaşdırmalıdır. Bütün hallarda nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət gəlirlərində neft sektorunun payı çoxdur. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, eyni zamanda bütövlükdə dövlət gəlirlərində neft sektorunun payı 75%-dir. O baxımdan neft sektorunda azalmalar Azərbaycan iqtisadiyyatına təsir göstərə bilər. Hazırda belə bir təsirlərin olmaması onunla bağlıdır ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Qeyri-neft sektorunun inkişafı neft hasilatının azaldılmasına təsirləri minuma endirilib. Azərbaycan isə neft ölkəsi olduğu üçün neft hasilatının təmzimlənməsinə və ölkədə fəaliyyət göstərən bütün şirkətlərin hasilatının pay bölgüsündə nəzərdə tutulan öhdəliklərə əməl edərək məhz hasilatın azaldılması ilə bağlı heç bir iqtisadi və texniki əsaslandırma olmadan qərar verməməlidir. Çünki bütün hallarda söhbət Azərbaycan iqtisadiyyatının gəlir mənbələrindən gedir. Təbi ki, bu baxımdan bütün şirkətlər ölkə daxilində gəlir mənbələrinin qorunması, eyni zamanda, razılaşdırmaya əsasən hasilatın həyata keçirilməsinə məsul olmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB