Azərbaycan-Özbəkistan Biznes Forumu keçirildi

Azərbaycan-Özbəkistan Biznes Forumu keçirildi

Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Özbəkistan Biznes Forumu keçirilib. SİA-nın xəbərinə görə, biznes forum Özbəkistan Respublikasının baş nazirinin müavini Uluqbek Rozukulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfəri çərçivəsində təşkil olunub. Biznes forumda Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi, Özbəkistan tərəfdən isə baş nazirinin müavini Uluqbek Rozukulovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Biznes forumdan öncə Şahin Mustafayevin Uluqbek Rozukulovla görüşü keçirilib. Görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə eidlib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında təkmil qanunvericilik bazasının ayradıldığını və bu sahədə indiyədək 100-ə yaxın sənədin imzalandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub: "İki ölkə arasında iqtisadi sahə üzrə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Ölkələr arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. Bundan sonra da iki tərəf arasında qarşılıq ticarət əlaqələrinin, xüsusilə kənd təsərrüfatı, qida sənayesi, ağır sənaye, tekstil, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı üzrə əməkdaşlığın daha da inkişafı üçün hər bir şəfait var".

Nazir Şahin Mustafayev ölkə iqtisadiyyatının inkişafından da danışıb. O qeyd edib ki, 2004-2011-ci illərdə Azərbaycanda ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə, qeyri-neft ÜDM-i 2,2 dəfə, sənaye sahəsi 3 dəfə, büdcə gəlirləri 13 dəfə artıb, yoxsulluğun səviyyəsi isə 5,9% azalıb: "Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 130 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 50%-ni xarici investisiyalar təşkil edir".

Özbəkistan Respublikasının baş nazirinin müavini Uluqbek Rozukulov isə ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb: "Hər iki ölkə böyük iqtisadi potensiala malikdir. Bu mövcud imkanlardan səmərəli istifadə, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsi Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynacaq".

Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imknalarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə